BMT-nin İnsan Haqları Şurası Ərəbistan əleyhinə bəyanat verdi
BMT-nin İnsan Haqları Şurasında 36 ölkə Ərəbistan hökumətinin vətəndaşlara qarşı qeyri-qanuni rəftarlarını tənqid edən bəyanat verib.
Röyters-in məlumatına görə, Avropa Birliyinə üzv 28 ölkə daxil olmaqla 36 ölkə cümə axşamı bir bəyanat yayaraq, Səudiyyə Ərəbistanında insan haqlarının vəziyyətini tənqid edib.
Bu, BMT-nin İnsan Haqları Şurasının 2006-cı ildə təsis edilməsindən bəri ilk dəfədir ki, Səudiyyə Ərəbistanı bu qədər iri miqyaslı tənqidlə üzləşir.
BMT-nin İnsan Haqları Şurasının Cenevrə iclasında qiraət edilən bəyanatda Ərəbistandan qadın hüquqlarını müdafiə edənləri azadlığa buraxması istənilir.
Bəyanatda həmçinin, Ər-Riyaddan jurnalist Camal Qaşıqçının qətlinə dair araşdırmaların aparılmasında BMT ilə əməkdaşlıq etməsi istənilir.
Səudiyyə rejiminin tənqidçilərindən olan Camal Qaşıqçı 2 oktyabr 2018-ci il tarixində İstanbulda Ərəbistanın baş konsulluğunda qətlə yetirilib.
Ali Səud rejimi son illərdə ictimai fəalları kütləvi şəkildə repressiya etməyə başlayıb. Müstəqil dairələrin hesabatlarına görə, siyasi fəallar o cümlədən qadınlar Ərəbistan zindanlarında ağır işgəncələrə məruz qalırlar.