ABŞ “Şimal Axını-2” layihəsinə yeni sanksiyalar hazırlayır
ABŞ Rusiyanın Ukraynadan kənar ərazilərlə Avropaya qaz çıxarmaq üçün inşa etdiyi “Şimal Axını 2” layihəsinə əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır.
SəhərAzəri - Blumberq Portalının məlumatına əsasən, ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell bu barədə mediaya verdiyi açıqlamada deyib: “Yeni sanksiyalar bütün partiyaların dəstəyini alıb. Buna görə də seçki kampaniyası dövrü olmasına baxmayaraq, qanun layihəsinin qəbulu çox sürətlə başa çatdırıla bilər”.
Alman mətbuatı yazır ki, ABŞ kəmərin fiziki tikintisini dayandıra bilməsə də, onun istismarına mane olmaq niyyətindədir.
Almaniya hökuməti isə “Şimal axını – 2” qaz layihəsinin uğurla başa çatacağına inandığını bildirir.
Rəsmi Berlinin bu mövqeyindən hiddətlənən səfir Qrenell Almaniya hökumətini ümumilikdə, Rusiyaya münasibətdə siyasətini dəyişməyə çağırıb.
Qeyd edək ki, ötən ilin dekabrında ABŞ kəmərin tikintisində iştirak edən şirkətlərə sanksiya tətbiq etdikdən sonra layihənin operatoru “Qazprom” borudüzmə işini təkbaşına davam etdirib. ABŞ da buna cavab olaraq indi birbaşa “Qazprom”un özünə sanksiya tətbiq etmək istəyir.