Con Bolton prezident seçkilərində nə Trampa, nə də Baydenə səs verəcək
İyun 22, 2020 15:33 Asia/Baku
“Noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampa səs verməyəcəyəm”.
SəhərAzəri-nin APA-ya istinadla məlumatına görə, bunu ABŞ Prezidenti D. Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Bolton ABC telekanalına müsahibəsində deyib.
“Mən düşünmürəm ki, o, prezident olmalıdır. Düşünmürəm ki, o, ofis üçün yararlı biridir. Düşünmürəm ki, o, işi icra etmək qabiliyyətinə malikdir. Düşünmürəm ki, o, mühafizəkar respublikaçıdır. Noyabrda ona səs verməyəcəyəm. Əlbəttə ki, Co Baydenə də səs verməyəcəyəm. Səs vermək üçün başqa bir mühafizəkar respublikaçı müəyyənləşdirəcəyəm”, - deyə o bildirib.
C. Bolton qeyd edib ki, D. Tramp administrasiyasına qoşularkən onunla bağlı bəzi hekayələrin təhrif olunduğunu düşünüb.
“Lakin bunun həqiqət olmadığı ortaya çıxdı”, - deyə C. Bolton vurğulayıb.