Okt 20, 2020 10:24 Asia/Baku

"OPEC+" ölkələri sentyabrda öhdəliklərini 102% icra edib

SəhərAzəri -APA-ya istinadən xəbər verir ki, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri sentyabr ayında neft hasilatının azaldılmasına dair öhdəliklərini 102% icra edib. Son beş ayda ortalama icra səviyyəsi 100% olub.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika Naziri Aleksandr Novak "OPEC+" ölkələrinin nazirlərinin monitorinq komitəsinin iclasından (JMMC) sonra deyib.

Onun sözlərinə görə, II rübdə bazarda tələbatın əhəmiyyətli azalmasından sonra sözügedən razılaşma üzrə sazişin icra səviyyəsinin olduqca yüksək göstəriciləri bazarın sabitləşməsinə çox müsbət təsir göstərib.

 

İclasdan sonrakı bildirişdə qeyd edildiyi kimi, razılaşması üzrə sazişin 102% səviyyədə yerinə yetirilməsi 2020-ci ilin may ayından bəri ən yüksək göstəricidir. Əlavə olaraq, ölkələr 2020-ci ilin sentyabr ayında azalma çatışmazlığını gündə ümumilikdə 249 min barel əlavə azalma ilə kompensasiya ediblər.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatında "OPEC+" razılaşması üzrə sazişin icra nisbəti 103% təşkil edib.

Xatırladaq ki, "OPEC+" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barel azaldıb. Bununla da Azərbaycan sentyabrda "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

 

Teqlər