Noy 03, 2020 23:48 Asia/Baku
  • İŞİD Vyanada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror təşkilatı noyabrın 2-də Vyana şəhərinin mərkəzində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

SəhərAzəri Azərtac-a istinadla xəbər verir, “Nashir News“ platformasında yerləşdirilən məlumatda “xilafətin əsgəri“nin Avstriya paytaxtında təxminən 30 nəfərin ölümü və yaralanması ilə nəticələnən hücum həyata keçirdiyi qeyd edilib. “Teleqram“ mesaj xidmətində fəaliyyət göstərən kanallardan birində də terrorçu təşkilat hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü elan edib.

Avstriyanın rəsmi qurumları bu bəyanatın nə dərəcədə həqiqətə uyğun olduğu və arxasında təsdiqləyici faktların dayandığına dair heç bir açıqlama verməyiblər. Yaxın Şərq üzrə ekspert və politoloq Tomas Şmidinqer APA-ya verdiyi açıqlamada bildirib ki, sui-qəsdçi İŞİD ”brend”i altında terror aktını törətsə də, böyük ehtimalla onu təkbaşına hazırlayıb və həyata keçirib.

Ekspert həmçinin bildirib ki, indiyədək əldə edilən istintaq dəlilləri cinayətin İŞİD mərkəzində hazırlanması və ya Vyanada terror aktının törədilməsinə dair tapşırığın verilməsini güman etməyə əsas vermir. Bununla belə zərərsizləşdirilən terrorçunun İŞİD-lə əlaqələrini hazırkı halda istisna etmək də mümkün deyil.

T. Şmidinqerin sözlərinə görə, istintaq hərəkətlərinin gedişatında həm bu məsələyə, həm də terrorçunun sosial çevrəsinə dair məsələlərə aydınlıq gələcək.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Vyanda törədilən terror hücumunu pisləyərək, terrorizmlə əsaslı şəkildə mübarizədə dünya ictimaiyyətinin anlaşması və əməkdaşlığını vacibliyini vurğulayıb.

Teqlər