BMT, Aİ və NATO-dan Vaşinqtonda baş verənlərə reaksiya
Vaşinqtonda baş verən hadisələrdən sonra bir çox beynəlxalq təşkilatların rəsmiləri və nümayəndələri bu hadisəyə münasibət bildiriblər.
SəhərAzəri xəbər verir, BMT Baş Katibi Antoni Quterriş Vaşinqtonda Tramp tərəfdarları ilə polis arasında baş verən qarşıdurmadan təəssüfləndiyini bildirib. O, qeyd edib ki, ABŞ-ın siyasi liderləri öz tərəfdarlarını zorakılıqdan çəkinməyə, demokratik proseslərə və qanunun aliliyinə hörmət etməyə çağırmalıdırlar".
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell Vaşinqtonda baş verənləri “ABŞ demokratiyasına və qanunun aliliyinə hücum” kimi qiymətləndirib.
J.Borell özTvitter hesabında yazıb: “Bütün dünyanın gözü qarşısında ABŞ demokratiyası bu gün mühasirədədir. Bu, demokratiyaya, ABŞ institutlarına və qanunun aliliyinə hücumdur”.
O, həmçinin ABŞ prezident seçkilərinin nəticələrinə hörmət edilməli olduğunu vurğulayıb.
NATO baş katibi ABŞ Konqresindəki hadisələri “şokedici” adlandıraraq, etirazçıları prezident seçkilərinin nəticələrinə hörmətlə yanaşmağa çağırıb.
NATO Baş katibi Yens Stoltenberq deyib: "Vaşinqtonda baş verənlərin görüntüsü şoka salır. Demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampa dəstək nümayişini təşkil edənlər barrikadaları keçərək Konqresin binasına daxil olublar və seçkilərin nəticələri rəsmiləşdirilən Konqres sessiyasına etiraz edirlər.
Nümayişçilərin Konqres binasına girməsindən sonra başlayan şiddətli qarşıdurmalardan sonra komendant saatı elan edilib.