İmran Xan: “Hindistan sülh yolunda ilk addım atmalıdır”
Pakistanın baş naziri İmran Xan Hindistanla əlaqələri yaxşılaşdırmaq üçün göstərdikləri səylərin cavabsız qaldığını söyləyib.
Pakistanın baş naziri İmran Xan Hindistanla əlaqələri yaxşılaşdırmaq üçün göstərdikləri səylərin cavabsız qaldığını söyləyib.
SəhərAzəri Anadolu-ya istinadən xəbər verir ki, paytaxt İslamabadda Milli Təhlükəsizlik Departamenti tərəfindən təşkil olunan İslamabad Təhlükəsizlik Dialoqu Konfransının açılış iclasında çıxış edən İmran Xan, hökumətinin vəzifəyə başladığı gündən Hindistanla əlaqələri inkişaf etdirmək üçün təşəbbüslər göstərdiyini, lakin səylərinin cavabsız qaldığını söyləyib.
Hindistanın 5 avqust 2019-cu il tarixli birtərəfli və qanunsuz addımına toxunan İ.Xan, bu vəziyyətin ikitərəfli münasibətləri çıxılmaz vəziyyətə saldığını bildirərək, belə deyib: “Hindistanla sülh istəyirik, amma Hindistan sülh üçün ilk addımı atmalıdır, çünki sülh olmadan irəliləyə bilmərik.
Bu, həm Hindistan, həm də Pakistan üçün faydalı olacaq. Kəşmir məsələsinin həlli bölgədəki yoxsulluğun azaldılmasına və iqtisadi böyüməyə böyük töhfə verəcək. BMT Təhlükəsizlik Şurasının qərarları əsasında, kəşmirlilərə öz müqəddəratını təyinetmə hüququnun veriləcəyinə ümid edirik”.
Əfqanıstandakı sülh prosesinə də toxunan İ.Xan, Pakistanın Əfqanıstana sülh gətirmək üçün əlindən gələni etdiyini vurğulayıb.
Əfqanıstandakı sülh fürsətinin bütün iştirakçılar tərəfindən qaçırılmamalı olduğunu bildirən İ.Xan, ABŞ-ın yeni hökumətinin Əfqanıstanda sülhə də önəm verdiyini qeyd edərək, belə danışıb: “Bölgədə sülh əldə olunana qədər Pakistan geostrateji mövqeyindən tam şəkildə faydalana bilməyəcək. Əfqanıstandakı sülh bölgədəki iqtisadi fəaliyyətə təkan verəcək”.
Digər tərəfdən, İ.Xan Çinin 700 milyon insanı yoxsulluqdan xilas etdiyini vurğulayaraq, Pakistanın ölkədəki yoxsulluğu azaltmaq üçün Çin modelindən istifadə etdiyini bildirib.