İranla razılaşma hələ də mümkündür
-
Rafael Qrossi
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru nüvə anlaşmasının qərbli tərəflərinin, xüsusən Amerikanın sədaqətsizliklərinə toxunmadan deyib ki, siyasi iradə mövcud olarsa, İranla razılığa çatmaq həmişə mümkündür.
SəhərAzəri-nin məlumatına əsasən, Rafael Qrossi “Frans-24” informasiya kanalı ilə müsahibədə, müzakirələrin yeddinci mərhələsinin sıfırdan başlanmadığını və altı öncəki müzakirə mərhələsi əsasında irəlilədiyini bildirib. Qeyd edib ki, İranla razılaşma hələ də mümkündür, lakin yerdə qalan vaxt azdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vurğulayıb ki, agentlik nüvə anlaşması tərəfi deyil, amma bir müfəttiş və razılaşmanın təminatçısı kimi Vyanadakı cari müzakirələri yaxından izləyir.
Qrossi 90 faizlik zənginləşdirmə barədə deyib ki, hal-hazırda İranda 90 faizlik zənginləşdirmə mövcud deyildir.
Rafael Qrossi yenidən Tehrana səfər etmək niyyəti barədə bildirib ki, əgər dəvət olunarsa, İrana səfər edəcək.
Amerikanın İrana qarşı zalımcasına sanksiyalarının ləğv edilməsi üzrə danışıqlar bazar ertəsi günündən Vyanada başlanıb.
Beş aylıq fasilədən sonra başlayan danışıqların bu mərhələsində İran xarici işlər nazirinin siyasi müavini Əli Baqiri-Kəninin başçılığı altında, təcrübəli iranlı ekspert və diplomatlardan ibarət hüquqi-iqtisadi tərkibli peşəkar bir komanda iştirak edir.
İran bu müzakirələrdə sanksiyaların ləğvi ilə bağlı bütün tələblərin yerinə yetirilməsinə təkid edir. İran bu istiqamətdə Amerika dövlətinin və nüvə anlaşmasına üzv digər dövlətlərin anlaşmadan çıxa bilməyəcəkləri, həmçinin yeni və əvvəlki sanksiyaların tətbiq olunmayacağını göstərəcək zəmanətlərin verilməsini istəyir.