Yan 06, 2022 12:12 Asia/Baku
  • KTMT qüvvələri Qazaxıstana yeridilib

Ötən gecə Qazaxıstanın müxtəlif şəhərlərində etirazçıların polis və daxili qoşunlarla toqquşması davam edib. 12 polisin öldürüldüyü deyilir.

SəhərAzəri-nin məlumatına əsasən,Almatı şəhər komendaturası bildirib ki, Almatı şəhərində kütləvi etirazlar zamanı 12 asayiş keşikçisi öldürülüb. Onlardan birinin başının kəsildiyi deyilir.

Məlumata görə hüquq mühafizə orqanlarının 353 əməkdaşı da yaralanıb. Ancaq etirazçılar arasında ölən və yaralananların sayı barədə rəsmi məlumat yoxdur.

Qazaxıstan prezidenti əhaliyə müraciət edərək iğtişaşların xarici qüvvələr və terrorçular tərəfindən təşkil edildiyini bildirib.

"Ölkəmizin ərazisinin təxminən yarısını iğtişaşlar bürüyüb. Almatıda xüsusilə ağır vəziyyət yaranıb. Xuliqanlıq edən ünsürlərin yüksək mütəşəkkilliyi diqqəti cəlb edir. Bu, maddi motivasiyalı sui- qəsdçilərin diqqətlə düşünülmüş fəaliyyət planından xəbər verir", - Tokayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan aqressiyaya məruz qalıb, ona görə də yardım xahişilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.

RİA “Novosti” bildirir ki, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana sülhməramlı missiya göndərib və kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb. Bu barədə KTMT Baş Katibliyi məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki,KTMT-nin sülhməramlı qüvvələrinin əsas vəzifəsi vacib dövlət və hərbi obyektlərin mühafizəsi, Qazaxıstan Respublikasının asayiş keşikçilərinə vəziyyətin stabilləşməsi və hadisələrin hüquqi müstəviyə qayıtmasında yardım etmək olacaq.

Bu arada, ötən gecə Almatı aeroportu da daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində bir çox obyektlər banklara, mağazalar, ticarət və inzibati obyektlər qarətçilərin hücumlarına məruz qalıb.

Yanvarın 6-da səhərdən şəhərdə iğtişaşları törədənlərin təmizlənməsi əməliyyatı başlayıb. Polis əhalini evlərini tərk etməməyə çağırıb.

Ölkədə bankların və Fond Birjasının fəaliyyəti dayandırılıb. Qazaxıstanın əksər hissəsində İnternet və mobil rabitədə kəsintilər yaranıb.

Tokayev Qazaxstanın güc qurumlarının rəhbərlərini dəyişib, böyük yollara qoşun yeridilir.

Teqlər