Yan 08, 2022 12:00 Asia/Baku
  • Blinken: KTMT-siz də problemləri həll etmək olardı

Qərb dövlətləri KTMT-nin Qazaxıstan hadisələrinə müdaxiləsindən narahatdırlar.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, Qazaxıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakı olmadan təkbaşına iğtişaşlara qarşı mübarizə aparmağa qadirdir.

O deyib: "Bizim Qazaxıstanın təcili yardım üçün müraciətinin mahiyyəti, nə üçün irəli sürülməsi ilə bağlı suallarımız var, bununla bağlı daha ətraflı məlumat almağa çalışırıq. Sözsüz ki Qazaxıstan hakimiyyətinin və hökumətinin etirazlarla bağlı vəziyyəti düzgün həll etmək, asayişi qorumaq, etirazçıların hüquqlarına hörmətlə yanaşmaq potensialı var. Odur ki, Qazaxıstan liderlərinin hansı səbəbdən kənar yardıma ehtiyac duyduqları aydın deyil. Tarixdən bir dərs: ruslar evinizdə olanda onları çıxıb getməyə məcbur etmək çətin olur", - deyə Blinken vurğulayıb.

ABŞ dövlət katibinin ittihamına Rusiyanın cavabı çox gecikməyib. Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət katibi Entoni Blinkenin fikirlərinə münasibət olaraq öz açıqlamasında Blinkenin Qazaxıstandakı hadisələrlə bağlı kobud formada zarafat etdiyini vurğulayıb.

“Blinken tarix dərslərini çox sevirsə, bunları bilməlidir: Amerikalılar kiminsə evinə gələndə həyatda qalmaq, soyğuna uğramamaq çətin olur. Yaxın keçmiş deyil, ABŞ-ın 300 illik tarixi bizə dərs verir. Şimali Amerika qitəsindəki hindular, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görən digər bədbəxt insanlar bu barədə çox şey danışa bilərlər”, - deyə açıqlamada qeyd olunur

Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.

Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.

Teqlər