Kreml İran və Rusiya prezidentlərinin söhbəti haqda məlumat yayıb
Kremlin mətbuat xidməti bildirib ki, İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisi və Rusiya prezidenti Vladimir Putin bir telefon söhbətində Vyana müzakirələri və Ukraynanın son durumu barədə fikir mübadiləsi aparıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin cümə axşamı günü gecə Seyid İbrahim Rəisi ilə söhbətdə onu Donetsk və Luqansk xalq respublikaları ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım barədə sazişlər üzrə beynəlxalq hüquq normalarına və Rusiyanın öhdəliklərinə əsasən, Donbas respublikaları sakinlərinin müdafiəsi istiqamətində xüsusi hərbi əməliyyatların keçirilməsi qərarı ilə bağlı Ukrayna ətrafındakı vəziyyətin gedişatı barədə məlumatlandırıb.
Kremlin bəyanatında deyilir ki, İran prezidenti də öz növbəsində, ABŞ və NATO-nun qeyri-stabillik yaradan hərəkətlərinə görə, Rusiyanın təhlükəsizliklə bağlı narahatlığını dərkedilən adlandırıb.
Rəisi və Putin telefon söhbətinin davamında İranın nüvə proqramı ilə bağlı Birgə Əhatəli Fəaliyyət Planının qorunub saxlanılması və tam şəkildə icrası üzrə diplomatik səylər ətrafında fikir mübadiləsi aparıblar.
Bununla bağlı qeyd olunub ki, Vyana müzakirələri prosesində yekun razılaşmanın əldə edilməsi, regional stabilliyin və təhlükəsizliyin qorunmasına kömək edəcək.
Kremlin bəyanatının sonunda deyilir: İki ölkə başçısının yanvarın on doqquzunda Moskvada keçirilən zirvə görüşünün yekunlarına görə, İran və Rusiya prezidentləri ikitərəfli əməkdaşlığı müxtəlif səviyyələrdə möhkəmləndirmək əzmində olduqlarını vurğulayıblar.