Avropalılar Putini qəzəbləndirmək istəmirlər
Aİ Ukraynaya döyüş təyyarələri göndərməkdən imtina etdi
Avropa İttifaqı ölkələri Ukraynaya daha əvvəl çatdırılaçağı açıqlanan döyüş təyyarələrini göndərməyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Polşa Ukraynaya döyüş təyyarələri göndərməyəcəyini bildirib. Polşa ilə yanaşı, Bolqarıstan və Slovakiya hökumətləri də Ukraynaya hərbi təyyarə göndərməyəcəyini bildiriblər. Bolqarıstanın baş naziri Kiril Petkov deyib ki, onun ölkəsində istismara yararlı təyyarələr və ehtiyat hissələri yoxdur, həmçinin Ukraynaya təyyarələrin verilməsindən əlavə, ölkənin hava məkanını qorumaq üçün belə kifayət qədər qırıcı yoxdur. Slovakiya Müdafiə Nazirliyinin sözçüsü də oxşar açıqlama verib və deyib ki, Slovakiya Ukraynaya döyüş təyyarələri göndərməyəcək.
Eyni fikri Polşa prezidenti Andjey Duda səsləndirib və ölkəsinin Ukraynaya heç bir təyyarə göndərmək niyyətində olmadığını deyib və bunun "hərbi müdaxiləyə səbəb olacağını" iddia edib.
Daha əvvəl bildirilirdi ki, Avropa İttifaqının ayrı-ayrı ölkələri Ukraynaya qırıcı təyyarələr göndərəcək. Söhbət ukraynalı pilotların artıq idarə edə bildiyi MiQ-29 tipli reaktiv təyyarələrdən gedirdi.
Rusiya XİN-in bəyanatında isə bildirilir ki, Moskva Ukraynaya silah tədarükündən həddən çox narahatdır.
Bəyanatda deyilir: Ukraynaya silah tədarükünün NATO ilə insidentə səbəb olmayacağı ilə bağlı təminat yoxdur.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin xalqına müraciətində Qərb dövlətlərini təhdid etmişdi ki, “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”.