Döyüş daha geniş vüsət alıb
Ukrayna ordusu hücumlara tab gətirdiyini iddia edir
Ukrayna ordusu paytaxtın ətrafında və digər bölgələrdə Rusiya qüvvələrinə qarşı müqavimət göstərdiyini iddia edir.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Ordusunun Baş Qərargahından bildiriblər ki, Rusiya ordusu əsasən Krivoy-Roq istiqamətində hücum cəhdlərini davam etdirir, eyni zamanda Nikolayev və Mariupol şəhərlərini tutmağa çalışır.
Baş qərargahın bildirdiyinə görə, Rusiya Ukrayna ərazisindəki hərbi və mülki infrastrukturu məhv etməkdə davam edir.
Həmçinin iddia olunub ki, hava hücumundan müdafiə qüvvələri düşmənin daha 4 təyyarəsini, 3 vertolyotunu və pilotsuz aparatını vurub.
Melitopol ətrafında isə Ukrayna artilleriyasının atəşi nəticəsində 200-ə yaxın texnikanın məhv edildiyi bildirilir.
Açıqlamaya əsasən, Rusiya ordusu martın 1-dən mühasirədə saxladığı Mariupolda da ağır itkilər verir. Şəhərə bir neçə hücum cəhdi uğursuzluqla nəticələnib və ruslar canlı qüvvə, texnika itirərək geri çəkiliblər.
Bu arada Odessa vilayət administrasiyasının Operativ Qərargahının rəhbəri Sergey Bratçuk deyib ki, Ukrayna ordusu İzyumda əks-hücuma keçibdir və ardıcıl hücumlar nəticəsində düşmən Topolsk, Şpakovka və Donetsk yaşayış məntəqələrində ciddi itkilər verərək geri çəkilib.
Ukrayna hökuməti iddia edir ki, bütövlükdə fevralın 24-dən martın 14-nə qədər gedən döyüşlərdə Rusiya ordusunun 12 mindən artıq hərbçisi öldürülüb.
Qeyd olunur ki, sözügedən dövr ərzində həmçinin Rusiya ordusunun 77 təyyarəsi, 90 helikopteri, 389 tankı, 1249 zirehli döyüş maşını, 150 artilleriya sistemi, 34 HHM sistemi, 64 reaktiv yaylım atəş sistemi, 60 yanacaq-sürtkü materialları çəni, 8 kəşfiyyat PUA-sı, üç kateri, 617 avtomobil texnikası məhv edilib.