Mart 19, 2022 11:29 Asia/Baku
  • Ukrayna müharibənin gedişatını öz xeyrinə dəyişdiyini iddia edir

Ukrayna müharibənin gedişatını öz xeyrinə dəyişdiyini iddia edir.

SəhərAzəri-nin məlumatına əsasən, Ukraynanın Müfaiə Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandiri, qvardiya general-leytenantı Andrey Mordviçev öldürülüb.

Məlumatda həmçinin iddia olunur ki, Rusiya Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsi komandirlə birlikdə məhv edilib.

 

Martın 19-na olan məlumata görə, Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi 14.400 nəfərə çatıb.

Məlumatda deyilir ki, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı Rusiyanın 466 tankı, 1470 zirehli döyüş maşını və 213 artilleriya sistemi, 72 ədəd reaktiv yaylım atəş sistemi, 44 hava hücumundan müdafiə sistemi, 95 təyyarə, 115 helikopter, 914 avtomobil texnikası, 3 gəmi/qayıq, 60 yanacaq-sürtkü materialı olan sistern, həmçinin 17 əməliyyat-taktiki pilotsuz uçuş aparatı və 11 ədəd xüsusi texnikası məhv edilib.

Bu arada Amerika kəşfiyyatı isə Rusiya qoşunlarının Ukraynada bütün istiqamətlərdə hücumu dayandırdığını xəbər verib.

Pentaqonun adı açıqlanmayan yüksək çinli məmuru bildirib ki, rus silahlılarının Kiyevə şimal, şimal-qərb, eləcə də 30 km aralıda yerləşdikləri şərq istiqamətindən irəliləyişi qeydə alınmır.

Pentaqon nümayəndəsinin sözlərinə görə, müdafiə xəttini yarmaq cəhdlərinə baxmayaraq, rus hərbçilərinin Xarkova yaxınlaşmasını müşahidə etmirlər, Çerniqov və Mariupol mühasirədə qalsa da, ukraynalıların şiddətli müqaviməti rus qoşunlarının işğalının qarşısını alır.

Amerika rəsmisi qeyd edib ki, Rusiyanın aerodromlara raket zərbələrinin artırılmasına baxmayaraq, Ukrayna öz təyyarələrinin əksəriyyətini döyüşə hazır vəziyyətdə saxlayır. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri Rusiya qırıcılarını və raketlərini vurmağa davam edir. Ona görə də Ukrayna üzərindəki hava məkanı tam olaraq rusların nəzarətində deyil.

Teqlər