Çində hesab edirlər ki,
“Rusiya NATO-nun üzünə şillə vurub”
Çin mediası Rusiyanın Ukraynada “Kinjal” hipersəs raket sistemindən istifadəsinin NATO-nun üzünə şillə olduğunu yazıb.
SəhərAzəri-nin “Ren TV”yə istinadən verdiyi xəbərə görə, Huangqiu Shibao qəzeti silahın nüfuzetmə gücünü qeyd edib.
Martın 18-də “Kinjal” raketinin vurduğu anbar Sovet dövründə nüvə silahlarının saxlanması üçün istifadə edilirdi.
Sina.com portalı iddia edir ki, əgər Rusiya raketi hədəfi vura bilməsəydi, o zaman Qərb onun səmərəsizliyi barədə iddialar səsləndirəcəkdi.
"İndi Qərb mediasının, eləcə də Kinjalın həqiqi xüsusiyyətlərini çoxdan şübhə altına alan NATO alyansının deməyə sözü yoxdur. Bu o deməkdir ki, Kinjalın ilk döyüş təcrübəsi uğurlu olub. Ukraynaya vurulan, əslində NATO-nun üzünə şillə oldu”, - sina.com qeyd edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hipersəs raketləri ilə Kinjal kompleksindən istifadə etməklə İvano-Frankovsk vilayətində Ukrayna qoşunlarının böyük yeraltı sursat anbarının məhv edildiyini açıqlamışdı.