Savaşın 29-cu günü nələr baş verir?
Ukrayna son durumu açıqladı
Ukraynanın Müdafiə Nazirliyi müharibənin 29-cu günü ilə əlaqədar operativ məlumatını yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, müdafiə nazirliyi bildirir ki, Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib. Müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirirlər. Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qrupları rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə yetirir. Rus təyyarələri havadan zərbələr endirməyə davam edir. Son 24 saatda 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Onların əsas hədəfləri Kiyev, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlərdir.
Bu arada Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Kiyevdə keçirdiyi brifinqdə deyib ki, Ukraynada əməliyyatlar başlayandan bəri Rusiya ordusunun 105 təyyarəsi məhv edilib. Bu, beşdən çox aviasiya alayı və ya ayrıca hava ordusudur.
Onun sözlərinə görə Rusiya ordusu Ukraynanın dinc şəhərlərinin üzərindən uçmaq, onları bombalamaq qərarına gəlib, lakin bu onlar üçün məğlubiyyətlə başa çatıb.
ABŞ Müdafiə Nazirliyinin yüksəkçinli nümayəndəsi isə bildirib ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarını Kiyevdən 25-35 km uzaqlaşdırmağa nail olublar.
O qeyd edib ki, Rusiya qüvvələri Kiyevdən şimal-qərbdə səngər qazaraq müdafiə mövqeyi tutmağa çalışırlar.
“Biz görürük ki, onlar Kiyev ətrafında səngər qazdıqları görüntüsü yaradaraq daha çox Ukraynanın şərqindən hücum etməyə çalışırlar. Üstəlik Rusiya ordusu Donbasda, xüsusən Luqansk və Don vilayətlərində daha çox aktivləşib”, - deyə o bildirib.
Öz növbəsində NATO rəsmisi mətbuat konfransında iddia edib ki, Ukraynada işğalçılıq müharibəsi aparan Rusiya ordusunun 7-15 min əsgərinin öldüyü ehtimal edilir.
O bildirib ki, ölən, yaralanan, itkin düşən və əsir götürülənlərlə birgə Rusiya ordusunun 40 minə qədər itki verdiyi ehtimalı var.
Digər tərəfdən NATO-nun Baş katibi Yens Stoltenberq xəbərdarlıq edib ki, Rusiya nüvə bəyanatlarını dayandırmalıdır, zira bu həm təhlükəlidir, həm də məsuliyyətsizlikdir:
“NATO bütün müttəfiqlərini qorumaq üçün buradadır. Biz Rusiyaya açıq mesaj veririk: Nüvə müharibəsində heç kim qalib gələ bilməz. Müharibənin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, bu, Ukrayna hüdudlarından kənara çıxa və daha da təhlükəli ola bilər. Nüvə müharibəsi heç vaxt baş verməməlidir, çünki qalibi olmayacaq. Bu, əslində Rusiyanın da dəfələrlə təkrarladığı bir şeydir. Lakin hazırkı nüvə ritorikası buna ziddir".
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov demişdir ki, Rusiya təhlükə altına düşərsə, son çarə kimi nüvə silahından istifadə etməkdən çəkinməyəcəyik.