NATO sammiti yekun bəyanat yayıb
NATO Rusiyanın Ukraynaya hücumu ilə bağlı martın 24-də keçirilən ekstren sammitin yekunlarına dair bəyanat dərc edib.
SəhərAzəri-nin məlumatına əsasən,Alyansda bəyan ediblər ki, Rusiya Ukrayna ilə danışıqlara "ciddi münasibət" nümayiş etdirməli, dərhal barışıq elan etməlidir.
“Danışıqlar zamanı Rusiyanın təcavüzünün davam etməsi qınanmağa layiqdir", - bəyanatda bildirilir.
Bəyanatda həmçinin NATO-nun Ukraynaya hərbi yardımlarının davam edəcəyi vurğulanır.
Alyans Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya ərazisində dörd beynəlxalq qruplaşmanın yaradıldığını bildirib, əlavə olaraq Alyansın şərq sərhədlərinə 40 min hərbçi yerləşdirilib.
Martın 24-də NATO-nun sammitində Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib. O bildirib ki, Alyansdan Ukraynaya təyyarə və tankların verilməsini xahiş edib, amma hələ də aydın cavab almayıb.
“The Guardian” isə bir məlumatda NATO liderlərinin Brüssel sammitində Ukraynaya daha güclü silahlar göndərməyə hazır olduqlarını bildirib.
Üç saat davam edən görüşdə 30 ölkənin hökumət başçıları Rusiyanı münaqişənin Avropada daha geniş müharibəyə gətirib çıxaracağı həddə qədər təhrik etmədən silah tədarükünü necə modernləşdirə və artıra biləcəklərini müzakirə ediblər.