Britaniya kəşfiyyatı tərəfindən
Rusiya qüvvələrinin yenidən hücuma keçəcəyi ehtimal edilir
Ukrayna müharibəsinin ilk günlərindən bu ölkədə kəşfiyyat fəaliyyətləri ilə məşğul olan İngiltərə kəşfiyyatı bildirib ki, Rusiya qüvvələri Ukraynanın şərqinə və Donbas regionuna yenidən hücumla əlaqədar möhkəmlənməyə və yenidən təşkilatlanmağa davam edirlər.
SəhərAzəri-nin məlumatına əsasən,hər gün Ukraynadakı vəziyyət ilə bağlı məlumat yayan Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti bildirib ki, Rusiya dövləti ilə əlaqəli olan “Wagner” özəl hərbi şirkətinin muzdlulları da daxil olmaqla, Rusiya qoşunları əraziyə hərəkət etdirilir.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı isə bildirib ki, Rusiya Ordusu bu günlərdə Ukraynanın şərqində, Severodonetsk istiqamətində hücuma keçə bilər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donetsk və Tavrida istiqamətlərində qarşı tərəfin əsas səylərini yaşayış məntəqələrini ələ keçirməyə yönəltdiyini qeyd edib.
Bundan əlavə, Rusiya Ordusu yaxın günlərdə Severodonetsk və Bolşaya Novoselka istiqamətində yeni hücuma hazırlaşır.
“Düşmən aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə Mariupola hücumunu davam etdirir”, - deyə Baş Qərargahın məlumatında deyilir.
Belə bir şəraitdə Ukrayna prezidenti Rusiya ilə dialoqun mümkünlüyündən danışıb.
“Ukrayna başqa dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlar masasına otura bilər”.Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“İndi biz real, icra edilə bilən zəmanətlərlə maraqlanırıq. Beş ölkə, buna təminat verməlidir. Ola bilsin ki, hətta üç ölkə də Ukrayna üçün tam hüquqlu müdafiəyə zəmanət versin. Yalnız bundan sonra biz Rusiya ilə bir masa ətrafında otura bilərik”, - deyə Zelenski bildirib.