Pakistanın Baş naziri İmran Xan istefa verib
Pakistanın Nazirlər Kabineti bir məlumatda Pakistan konstitusiyasının müvafiq bəndlərinə diqqət çəkərək bildirib ki, Pakistan prezidenti tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində İmran Xan Pakistanın Baş naziri vəzifəsini tutmağı dayandırıb.
SəhərAzəri-nin “RİA Novosti”yə istinadən verdiyi məlumata əsasən, İmran Xan ölkə parlamentinin buraxılmasından sonra baş nazir vəzifəsindən uzaqlaşdırılsa da, müvəqqəti baş nazir təyin olunana qədər bu vəzifəni tutmağa davam edəcək.
Pakistanın informasiya və yayım naziri Fərrux Həbibin sözlərinə görə, növbədənkənar parlament seçkiləri 90 gün sonra keçiriləcək.
Qeyd edək ki, Pakistan müxalifəti Baş nazir İmran Xanı ölkədə inflyasiyaya nəzarət edə bilməməkdə ittiham edərək onun istefasını və bununla bağlı qanunverici orqanda etimad səsverməsinin keçirilməsini tələb edirdi. Milli Assambleya sədrinin müavini Qasım Suri Baş nazirə etimadsızlığın Konstitusiyanın 5-ci maddəsi ilə ziddiyyət təşkil etdiyini bildirib və təklifi səsverməyə qoymayıb.
Müxalifət səsvermənin ləğv edilməsinə etiraz edərək məhkəməyə müraciət edəcəklərinin bildirmişdi. Bu, İmran Xanın parlamentin buraxılması təklifi ilə çıxış etməsinə səbəb olub. O, aprelin 3-də Prezident Arif Alviyə parlamentin buraxılması təkilfi ilə müraciət etmişdi.
Xatırladaq ki, aprelin 3-də Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı (parlamentin aşağı palatası - Red) buraxıb.
Pakistan parlamenti Baş nazirə etimadsızlıq təklifini rədd edib. Müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.