Rusiya XİN rəhbərinin müavini Avropanın son qərarlarına münasibət bildirdi
"Avropa ölkələri oturduqları budağı kəsirlər"
Rusiya XİN rəhbərinin müavini ölkəsinin diplomatlarının Avropa ölkələrindən çıxarılmasına görə cavab tədbirləri görüləcəyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Aleksandr Qruşko Avropanın son qərarlarını şərh edərkən bildirib ki, Rusiya diplomatlarına qarşı təqiblər aparan Avropa ölkələri oturduqları budağı kəsirlər. Hazırda Rusiya və NATO arasında heç bir əlaqə yoxdur. Rusiya Qərb ölkələri ilə diplomatik münasibətlərin saxlanılmasının tərəfdarıdır.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri Qərb ölkələrindən çıxarılan Rusiya diplomatlarının sayı 250-yə çatıb.
Bildirilir ki, İtaliya 30, Danimarka 15, İsveç 3, Fransa 30, Almaniya 40, Niderland 17, Belçika 21, İrlandiya 4, Çexiya 1, Şimali Makedoniya 5, Polşa 45, Bolqarıstan 12, Litva 4, Estoniya 3, Latviya 3, Slovakiya 3, Monteneqro 1, Lüksemburq 1, Norveç 3 Rusiya diplomatını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarıb.
Bundan başqa, ABŞ Moskvanın BMT-dəki nümayəndəliyinin 12 diplomatını ölkədən qovub.
Rusiya XİN rəhbərinin müavini onu da bildirib ki, Avropa ilə qaz sahəsində əməkdaşlıq illərdir inkişaf edir və Rusiyadan qaz idxal etməkdən imtina problemini gündəmə gətirmək heç kimin ağlına gəlməyib.
Onun sözlərinə görə, ABŞ bazarlarda vəziyyəti öz xeyrinə yaxşılaşdırır deyə, bu vəziyyətə sevinir.
Rusiyanın xəbərdarlıqlarına rəğmən, ABŞ prezidenti Co Bayden Rusiya iqtisadiyyatına yeni investisiyaların yatırılmasını, habelə Rusiya Federasiyasındakı şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb. Fərman, Birləşmiş Ştatlardan olan bir şəxsin birbaşa və ya dolayı yolla ABŞ-ın hər hansı kateqoriyadan olan xidmətləri ixrac etməyi, təkrar ixrac etməyi, satışını və ya Rusiyadakı istənilən şəxsə hər hansısa xidmət göstərməsini məhdudlaşdırır. Fərman həmçinin ABŞ-dan olan bir şəxsin, harada olmasından asılı olmayaraq, Rusiya Federasiyasına yeni investisiyaların yatırılmasını qadağan edir.
Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 7-də “Solovyov Live” layihəsinin efirində deyib ki, Rusiya diplomatlarını ölkədən çıxaran dövlətlər Moskvaya sərf edən sərt cavablar alacaqlar.