Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
Rusiya Donbasda tam nəzarəti ələ keçirmək istəyir
Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub ki, rusiyalı hərbçilərin əsas səyləri Donetsk və Luqansk vilayətərində tam nəzarəti bərpa etməkdir. Onlar müxtəlif istiqamətlərdə fəallığı davam etdirirlər. Slobojan istiqamətində qarşı tərəf Xarkov şəhərini mühasirəyə almağa və artilleriyadan atəşə tutmağa davam edir. Donetsk və Tavriya istiqamətlərində isə Rusiya hərbçiləri Popasna yaşayış məntəqəsini artilleriyadan atəşə tuturlar.
Məlumatda həmçinin deyilir ki, cənub Buq istiqamətində rusiyalı hərbçilər əvvəllər işğal etdiyi sərhədləri müdafiə edir, bölmələrinin döyüş qabiliyyətini bərpa etmək üçün tədbirlər görürlər. Amma onların mənəvi-psixoloji durumu aşağıdır. Əsgərlər Ukraynadakı növbəti hərbi əməliyyatlarda iştirak etmək istəmirlər. Ona görə də, Rusiya Silahlı Qüvvələri Komandanlığı şəxsi heyətin artırılmasına çalışır: “2012-ci ildən hərbi xidmətdən tərxis olunmuşlara yenidən müraciət olunur. Xüsusliə sürücülərə, mexanik-sürücülərə, kəşfiyyatçılara və kiçik komandirlərə üstünlük verilir. Çağırışın səbəbi təlim-məşq toplanışının keçirilməsidir.
Ukrayna mənbələri iddia edirlər ki, rusiyalı hərbçilər müvəqqəti işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı zorakılığı davam etdirirlər. Mariupol əhalisi Donetsk vilayətinin müvəqqəti işğal olunmuş rayonlarına deportasiya edilir. Son sutkada qarşı tərəfin 1 qanadlı raketi, 1 PUA-sı və 1 döyüş təyyarəsi məhv edilib.