Rusiya müdafiə Nazirliyi yeni məlumat yaydı
Ukrayna ordusunun 350-yə yaxın hədəfi vurulub
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin 350-yə yaxın hədəfini vurduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 58 ərazini vurub.
Onun sözlərinə görə, Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası Ukraynada keçirilən xüsusi əməliyyat zamanı bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 350-yə yaxın hədəfini vurub.
General qeyd edib ki, raket qoşunları və artilleriya Ukrayna Silahlı Qüvvələrinin 6 komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 295 ərazini, atəş mövqelərindəki Ukraynanın 43 artilleriya və minaatan bölməsini və iki elektron döyüş məntəqəsini vurub.
Ukrayna tərəfi isə bildirib ki, Donbasda gün ərzində Ukrayna əsgərləri rusların 16 hücumunu dəf edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən yayılan məlumatda deyilir: “Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində düşmənin on altı hücumu dəf edilib. Eləcə də 8 tank, 17 zirehli texnika və 4 xüsusi texnika məhv edilib”.
Bu arada “Politiko” nəşri yazıb ki, ABŞ Ukraynaya uzaqmənzilli raket sistemlərini verməyə tələsmir, çünki Kremlin buna həddən artıq gərginlik kimi baxacağından ehtiyatlanır.
Məlumata əsasən, ABŞ artıq Ukraynaya öz müttəfiqlərinin arsenalında olan sovet istehsalı analoji sistemlərin verilməsini təmin edib. Lakin Ukrayna daha güclü və dəqiq ABŞ sistemlərinə ümid edir. Kiyev bunu birinci ay deyil ki, istəyir və əsaslandırır ki, güclü reaktiv yaylım atəş sistemləri şərqdə döyüş meydanında artilleriya dueli zamanı üstünlük əldə etmək üçün çox vacibdir.