Qazaxlar konstitusiya düzəlişlərini dəstəklədir
Qazaxıstandakı referendum nəyi dəyişəcək? - TƏHLİL
Qazaxıstanda konstitusiya düzəlişlərinin xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənməsi ciddi təhlillərə səbəb olub. Təhlillər sırasında bunun post-Sovet ölkələri üçün örnəyə çevrilməsi daha çox diqqət çəkir.
SəhərAzəri-nin məlumatına əsasən, Qazaxıstanda bazar günü Konstitusiyanın 33 maddəsinə 56 dəyişiklik referenduma çıxarılıb. Referendumda vətəndaşların 77,18 faizinin düzəlişləri dəstəklədiyi bildirilir.
Tokayev hökumətinin iddiasına əsasən, konstitutsiyaya düzəlişlər ölkəni faktiki olaraq güclü parlament sisteminə keçirmək, habelə prezidentin bütün siyasi partiya və hərəkatlardan bərabər məsafədə olmasını təmin etmək məqsədini daşıyır.
Bununla bağlı Qazaxıstanın Mərkəzi Seçki Komissiyası öz açıqlamasında bildirib ki, düzəlişlərdə məqsəd qərarvermə prosesini mərkəzsizləşdirmək, keçmiş prezident Nursultan Nazarbayevin “milli lider” statusunu almaq idi.
Dəyişikliklər arasında dövlət başçısının ən yaxın qohumlarının dövlət qulluğunda və dövlət sektorunda yüksək vəzifə tutmasına qadağa qoyulması bəndləri var. Bu da Nazarbayevin hakimiyyəti dövründə mövcud olmuş vəziyyəti dəyişməyə imkan verir.
Dəyişikliklər layihəsinə əsasən, Konstitusiyadan birinci prezidentlə bağlı bütün istinadlar, xüsusən də onun ardıcıl iki dəfədən artıq dövlət başçısı vəzifəsinə namizəd olmaq hüququ ilə bağlı bənd və onun statusu və səlahiyyətlərinin müəyyən edilməsi qaydası çıxarılıb.
Referendumda həmçinin səsverməyə çıxarılan məsələlər arasında Nazarbayev və onun ailə üzvlərinin əmlakının toxunulmazlığına zəmanət verən “Elbaşının birinci prezidenti haqqında” qanunla bağlı dəyişikliklər var.
Qısa sözlə desək, Konstitusiyaya əlavə və dəyişikliklərə uyğun olaraq, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəlik orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndirilir, insan hüquqları sferası sistemli şəkildə gücləndirilir, Konstitusiya Məhkəməsi yenidən yaradılır, ölüm cəzası birdəfəlik ləğv olunur və ölkənin birinci lideri Nursultan Nazarbayevin statusu ilə bağlı müddəalar çıxarılır.
Qeyd edək ki, konstitusiyaya əlavə və düzəlişlər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Prezident Kasım-Jomart Tokayev aprelin 29-da Qazaxıstan xalqları assambleyasının sessiyasında irəli sürüb.
Yerli ekspertlərin fikrincə, yanvar etirazlarını KTMT qoşunlarının köməyi ilə yatırdıqdan sonra Tokayev bu yolla xalq arasında nüfuzunu bərpa etməyə cəhd göstərir.
Maraqlıdır ki, konstitusiyaya edilən düzəlişlərə əsasən parlamentin gücləndirilməsi iddia olunsa da, prezident ali baş komandan vəzifəsi, parlamenti buraxmaq, hökumət üzvlərini təyin etmək, yüksək rütbəli hakimləri vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq hüququ kimi keçmiş səlahiyyətlərinin əksəriyyətini özündə saxlayır. Bununla belə prezident Tokayevin siyasi islahat naminə atdığı bu addımı yaxşı başlanğıc hesab etmək lazımdır. Zira ölkəni müəyyən dərəcədə avtoritar üsul-idarəsindən xilas edir və gələcəkdə problemlərin dinc yolla həllinə yol açır.
Bu arada sirr deyil ki, islahatların reallığı və Qazaxıstan prezidentinin qarşıya qoyduğu məqsədlər təkcə bu ölkəyə deyil, Mərkəzi Asiya və ümumiyyətlə post-Sovet məkanında demokratikləşmə prosesinə müsbət təsir göstərəcək.
Nəzərə almaq lazımdır ki, Mərkəzi Asiyanın ən böyük ölkəsinin regionda xüsusi təsirləri var və burada avtoritar system ixtisara salınarsa, bunun özü domino effektini yaşadacaq və ömürlük prezident sistemindən və ya bir ailənin hökmranlığından əziyyət çəkən ölkələr üçün nümunə yaranacaqdır. Ona görə də ayrı-ayrı respublikaların konstitusiya islahatına təşəbbüs göstərməsi və xalqın iradəsinin ailə maraqlarından üstün tutulması qaçılmazdır. Yalnız belə olan halda xarici müdaxilənin və ya rəngli inqilabların qarşısını almaq mümkün olacaqdır.