Apr 05, 2023 18:21 Asia/Baku
  • Moskva görüşü məhsuldar olub

Dörd ölkənin rəsmiləri razılığa gəldi

Rusiya, İran İslam Respublikası, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri dördtərəfli görüş zamanı təmasları davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə Rusiya XİN-in saytında yayımlanan məlumatda deyilir ki, iştirakçılar birbaşa və səmimi şəkildə öz yanaşmalarını açıqlayıb və təmasları davam etdirməyə razılaşıblar.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahiyan Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada aparılan danışıqların yekunlarına əsasən bildirmişdi ki, görüşün əsas məqsədi "Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması"olacaq.

Maraqlıdır ki, ABŞ qonşu ölkələrin Suriya ilə münasibətlərin normallaşmasının qəti əleyhinədir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı qeyd edib ki, ABŞ əvvəlki kimi digər ölkələrin Suriya prezidenti Bəşar Əsədlə münasibətlərini normallaşdırmalarını istəmir.

“Hər hansı bir ölkənin Əsədlə münasibətləri normallaşdırdığını görmək istəmirik və bu fikrimizdə heç bir şey dəyişməyib. Biz bunun regionda və ya regiondan kənarda kiminsə marağında olduğunu düşünmürük”, - deyə Kirbi bildirib.

Ağ Evin nümayəndəsinin sözlərinə görə, ABŞ hərbçilərinin Suriyada mövcudluğu davam edir və kimlərinsə Bəşar Əsədlə münasibətləri normallaşarsa, bu məsələdə dəyişiklik olmayacaq və qoşunlar Suriyadan çıxarılmayacaq.

Belə bir şəraitdə Suriya-Türkiyə münasibətlərinin normallaşması Amerikanın regiondakı nüfuzuna ölümcül zərbə ola bilər və göstərir ki, Vaşinqtonun çirkin hiylələri və uzunmüddətli sanksiya cəhdləri artıq regional güclər, hətta Vaşinqtonla sıx ənənəvi əlaqələri olan ölkələr arasında belə məntiqli və inandırıcı bir arqument kimi qəbul olunmur.

Hazırda İranla Rusiyanın vasitəçiliyi müsbət təsirini göstərərsə, Türkiyənin öz qoşunlarını Suriya ərazilərindən çıxaracağını və terror təşkilatlarına dəstəyin dayandırılacağını gözləmək lazım gələcəkdir.

 

Teqlər