Fransada vəziyyət gərgin olaraq qalır
Fransada bir gecədə baş verən iğtişaşlar zamanı 700-dən çox adam saxlanılıb.
Fransa Daxili İşlər Nazirliyi dünən gecə719 nəfərin saxlanılmasından xəbər verib.
Fransanın qərbində isə dünən gecə nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar olub. "France 3" telekanalının yaydığı məlumata görə, hüquq-mühafizə orqanları iğtişaşçılarla ifrat sağçılar arasında şənbə gecəsi Fransanın qərbindəki Anje kommunasında (Main-et-Luara departamenti) baş verən toqquşmanı araşdırır.
Bildirilib ki, "nümayişçilərlə ultrasağçı qrup arasında baş verən toqquşmadan sonra qanunsuz silah saxlama faktı ilə bağlı bir neçə cinayət işi açılıb". Gecə ərzində kommunada ümumilikdə 11 nəfərin saxlanılıdığı bildirilib.
"France 3" telekanalının məlumatına görə, Fransada qadağan olunmuş ifrat sağçı qrupun nümayəndələri beysbol dəyənəkləri ilə silahlanıblar.
Fransada xalq etirazlarının vüsət alması və ölkədə xaosun yaranması ilə bağlı
Fransa Prezidenti Emmanuel Makron Almaniyaya iyulun 2-4-nə planlaşdırılan dövlət səfərini təxirə salıb.
Bu barədə Almaniya dövlətinin başçısı Frank-Valter Staynmayerin ofisi məlumat verib.
“Emmanuel Makron bu gün Prezident F.V.Staynmayerə zəng edib və ona ölkədəki vəziyyətlə bağlı məlumat verib. Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərinin vaxtının dəyişdirilməsini xahiş edib", - məlumatda deyilib.
Xatrırladaq ki, çərşənbə axşamı səhər polis məmurları Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyib. Təhlükəsizlik rəsmilərinin bildirdidiyinə görə, mərhum onların tələblərini yerinə yetirməkdən imtina edib.
Bundan sonra Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə gənclər 3,3 minə yaxın avtomobili, həmçinin polis və hökumət binalarını yandırıblar.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, 250-yə yaxın bank filialı, 200 ərzaq mağazası və ona yaxın ticarət mərkəzi talan edilib.
Bir sıra şəhərlərdə polis xüsusi təyinatlıları yerləşdirilib, zirehli texnika və helikopterlər cəlb olunub.
Ümumilikdə 2,4 minə yaxın insan saxlanılıb, onların üçdə biri yetkinlik yaşına çatmayanlardır.
Telekanalın məlumatına görə, ölkə ərazisində çərşənbə axşamı 31, cümə axşamı günü 182, cümə günü 875, şənbə günü isə 1311 nəfər saxlanılıb. Ölkədə ümumilikdə 2399 nəfərin saxlanıldığı bildirilib.
Son toqquşmalarda 249 polis və jandarma əməkdaşının yaralandığı bildirilib
Sadəcə ötən gecə 1350 avtomobil yandırılıb 500-ə yaxın binaya ziyan dəyib.
Etiraz aksiyaları artıq ciddi dövlət böhranına gətirib çıxarıb. Etirazlara paralel olaraq soyğunçuluq halları az qala kütləvi hal alıb. Sahibkarlar taxta, dəmir parçaları ilə silahlanaraq öz mağazalarını, restoranlarını və digər obyektləri qorumağa çalışırlar. Bu hal isə vətəndaş müharibəsi təhlükəsi yaradır. Artıq bir-neçə şəhərdə soyğunçularla dinc vətəndaşlar arasında lokal toqquşmalar qeydə alınmaqdadır.
Fransadakı iğtişaşlarla bağlı Azərbaycan XİN öz vətəndaşlarına xəbərdarlıq edib.
“Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur”,- bəyanatda deyilir.