ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana xəbərdarlıq etdi
Yuri Kim: ABŞ erməni əhalisinə qarşı etnik təmizləmə hərəkətinə dözməyəzək!
Qərb Qarabağ ermənilərinin taleyinə xüsusi həssaslıq nümayiş etdirir. ABŞ Dövlət Departamenti bu barədə Azərbaycana xəbərdarlıq edib.
Dövlət Departamenti katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Senatın Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağla bağlı keçirilən dinləmədə bu haqda deyib: “Birləşmiş Ştatlar Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə və ya digər vəhşiliklər törətmək üçün qısamüddətli və ya uzunmüddətli heç bir hərəkətə dözməyəcək”.
ABŞ dövlət rəsmisi əlavə edib: “İstənilən sülh müzakirələri kontekstində biz aydın şəkildə bildirdik ki, Dağlıq Qarabağdakı etnik ermənilərin hüquqları və təhlükəsizliyi qorunmalıdır. Bu, davamlı və ləyaqətli sülh müqaviləsinin vacib elementidir. Azərbaycan onların hüquqlarına hörmətlə yanaşılması və öz evlərində qorxmadan yaşamaq imkanlarına dair beynəlxalq səviyyədə təsdiqlənmiş təminat verməlidir”.
Yuri Kim qeyd edib ki, ABŞ son aylar ərzində Dağlıq Qarabağda pisləşən humanitar vəziyyətin həlli üçün intensiv işləyir. “Biz ardıcıl olaraq deyirik ki, dəhliz kommersiya, humanitar və şəxsi nəqliyyat üçün açıq olmalıdır. Biz bu mesajı həm açıq, həm də özəl şəkildə Azərbaycan hökumətinə dəfələrlə çatdırmışıq”, - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.
Bu arada Fransanın ATƏT-dəki səfiri bəyan edib ki, prezident Emmanuel Makronun göstərişi ilə Fransa ATƏT-i Laçin dəhlizinin dərhal açılmasına nail olmağa çağırıb.
Fransanın ATƏT-dəki nümayəndəliyinin X mikrobloqunda deyilir: “Biz Dağlıq Qarabağ əhalisinin ehtiyaclarının ödənilməsinə yönəlmiş təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğulayırıq”.
Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Almaniya Avropa Birliyindəki tərəfdaşları ilə birlikdə Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hər iki dövlətin ərazi bütövlüyü əsasında uzunmüddətli tənzimlənməsinə nail olması üzrə səyləri dəstəkləyir.