Moskva:
ABŞ NATO qoşunlarını qətlgaha göndərir
Rusiya Təhlükəsizlik Şurasının katibi NATO hərbi ittifaqı daxilində qərarlarda Vaşinqtonun dominantlığına işarə edərək, Avropa qitəsinin Amerikanın müstəmləkəsinə çevrildiyini bildirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Şimali Atlantika Alyansı NATO üzvü olan digər ölkələrin hərbi personalını asanlıqla qətlgaha göndərə bilər.
Patruşev "Razvedçik" hərbi nəşrinə yazdığı məqalədə deyib: "Şimali Atlantika Alyansının davamlı olaraq genişlənməsi əslində ABŞ-a müxtəlif dövlətləri özünə cəld edib, onları müstəqillikdən məhrum etmək imkanı verir. Birləşmiş Ştatlar lazım gəldikdə öz hərbçilərinin həyatını riskə atmadan NATO üzvü olan digər ölkələrin hərbi personalını asanlıqla qətlgaha göndərir".
Rusiya Təhlükəsizlik Şurasının katibi həmçinin qeyd edib ki, NATO-ya üzv ölkələr illərdir sözdə sülhə sadiq olduqlarını bəyan edirlər, amma Amerikanın siyasəti ilə razılaşmayan istənilən ölkəni müharibə ilə hədələyirlər.
"NATO-nun hərbi gücü Qərb hegemonluğunu, iqtisadi quldarlığını və alyansa hərbi təhlükə yaratmayan dövlətlərə siyasi təzyiqi saxlamaq üçün istifadə olunur", - deyə Patruşev əlavə edib.
O, xatırladıb ki, 70 il ərzində alyansın üzvləri dünyada 200-dən çox hərbi münaqişənin iştirakçısı olublar.
Patruşev bildirib ki, Avropa getdikcə ABŞ hegemonluğu üçün artan təhlükəyə çevrilirdi, ona görə də, Ukrayna müharibəsi Vaşinqton və London tərəfindən müxtəlif məqsədlər, o cümlədən Avropanı zəiflətmək üçün təşkil edildi.
Patruşev məqalənin davamında Avropanın Amerikanın müstəmləkəsinə çevrildiyini bəyan edərək, deyib: "Aydındır ki, yaxın gələcəkdə Birləşmiş Ştatlar çoxqütblü dünyanın qütblərindən birinin rolu ilə barışmalı olacaq və Avropa hələ də geosiyasi müstəqillik əldə etmək üçün çox çalışmalı olacaq".
O, Qərbin bütün silah arsenalından, o cümlədən minlərlə informasiya mənbəyindən Rusiyaya qarşı istifadə etdiyini bildirərək, deyib: "Qərb həmişə Rusiyanı zəiflətməyə çalışıb, onun böyüklüyündən və qüdrətindən qorxur, onun zəngin resurslarını ələ keçirmək istəyir".