Avropa Qarabağın azad edilməsindən narahatdır
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın sentyabrın 19-da Qarabağdakı hərbi əməliyyatını və ona qədərki blokadanı pisləyir.
Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulmasından son dərəcə hiddətlənmiş Avropa və qərb dövlətləri artıq dəyişmiş mənzərə ilə barışmaq istəmir və keçmişə qayıtmağa cəhd göstərirlər. Bu istiqamətdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, olmayan “Qarabağ məsələsi”-ni təcili müzakirəyə çıxarıb və qətnamə qəbul edib.
Qətnamədə bildirilir ki, Azərbaycanın blokadası ağır humanitar durum yaradıb. Bu da insan itkilərinə gətirib:
“Yüz mindən çox insan Ermənistana qaçıb. Azərbaycanı vəziyyəti daha pis hala salacaq addımlardan çəkinməyə çağırırıq”.
Avropa Şurası qeyd edir ki, Qarabağ ermənilərinin vəziyyətini düzəltmək istiqamətində Ermənistanın səylərini alqışlayır:
“Hakimiyyət bölgədən qaçmış Qarabağ ermənilərini qəbul edib onların ehtiyaclarına cavab verməlidir”.
Qış yuxusundan ayılmaq istəməyən Konqres bildirir ki, Azərbaycan regionda qalanlara maneəsiz humanitar yardımların çatdırılmasını təmin etməlidir. Bunu Laçın dəhlizini tam açmaqla gerçəkləşdirməlidir.
Avropa qurumu həmçinin separatçıların dərhal azadlığa buraxılmasına çağırıb: “Azərbaycanda saxlanılan bütün Qarabağ nümayəndələri, o cümlədən yerli məmurlar azad edilməlidir”,- bəyannamədə bildirilir.
Daha öncə Avropa Şurası Parlament Assambleyası (AŞPA) da Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağda apardığı hərbi əməliyyatı pisləyən qətnamə qəbul edib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək öhdəliyi var.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) AŞPA-nın bu qətnaməsini və tövsiyəsini qətiyyətlə rədd edib, şiddətlə qınayıb.
Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyəti də həmin konqresin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə iddia olunanları qətiyyən rədd edib.