BMT-nin baş katibi Qəzzədə təcili yardım maşınlarına edilən hücumdan şoka düşüb
Antonio Quterreş: Qəzzədə humanitar vəziyyət dəhşətlidir
BMT-nin Baş katibi Antonio Quterreş qaniçən İsrail rejiminin Qəzzədə “Əl-Şifa” mərkəzi xəstəxanası yaxınlığında təcili yardım maşınları karvanına endirdiyi zərbədən şoka düşdüyünü söyləyib.
BMT rəhbəri baş verənlərdən “dəhşətə gəldiyini” deyib. Quterreşin sözlərinə görə, Qəzzədə meyitxanalar doludur, mağazalarda yemək yoxdur, sanitar vəziyyət dəhşətlidir və xəstələnmə halları artmaqdadır.
Baş katib bəyanatda bildirib: “Xəstəxananın kənarında küçəyə səpələnmiş cəsədlərin görüntüləri ürək ağrıdır... Artıq bir aya yaxındır ki, Qəzzəli mülki vətəndaşlar, o cümlədən uşaqlar və qadınlar mühasirədədir. Onlar yardımdan məhrum edilir, öldürülür, evləri bombalanır. Bu dayandırılmalıdır. Qəzzədə humanitar vəziyyət dəhşətlidir”.
Quterreş təsir gücünə malik olanları Qəzzədə insanların “əziyyətlərinə son qoymaq” və “bütün bölgəyə yayılan münaqişənin qarşısını almaq” üçün fəaliyyətə çağırıb.