Aİ Ermənistanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar Bakıya xəbərdarlıq edir
“Bu, Azərbaycana ağır başa gələcək”
Avropa İttifaqı xəbərdarlıq edir ki, Ermənistanın ərazi bütövlüyünün pozulması qəbuledilməzdir və Aİ-Azərbaycan münasibətləri üçün ciddi nəticələrə gətirib çıxara bilər.
Avropa Birliyinin xarici əlaqələr üzrə sözçüsü Piter Stano Brüsseldə Armen-Pressin sualına cavab olaraq Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana qarşı ərazi təhdidləri ilə əlaqədar son bəyanatına münasibət bildirərkən deyib: “Biz Ermənistan və Azərbaycan rəhbərliyi ilə sıx təmasdayıq, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünü və problemlərin yalnız sülh yolu ilə həllini dəstəklədiyimizi bəyan etmişik”.
Onun sözlərinə görə, Aİ-nin əlaqə xətləri açıq qalır. Avropa İttifaqı Azərbaycana aydın mesajlar vermək üçün bütün imkanlardan istifadə edir və ona açıq şəkildə bildirib ki, Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulması yolverilməzdir.
Stano qeyd edib ki, Avropa Şurasının sədri Şarl Mişel, ali nümayəndə Xosep Borrell və Avropa Birliyinin xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanla Azərbaycan arasında sabit və uzunmüddətli sülhün bərqərar olmasında diplomatik səylərini davam etdirirlər.