Ermənistana silah və texnika İran üzərindən daşınmır
Dehli İrəvana birbaşa hava dəhlizi yaradır - AKTUAL
İran Ermənistana silah daşınmasına yol verməyib, Hindistan strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaratmağa məcbur olub.
Bu barədə Hindistanın aerokosmik müdafiə sahəsində xəbərlər üzrə ixtisaslaşmış IADN nəşri məlumat yayıb.
Bildirilir ki, Hindistan strateji əhəmiyyət kəsb edən ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır. HAL və CONCORD eyni məqsədlə HALCON Birgə İşçi Qrupunu yaradıb. Bu, Hindistan və Ermənistan arasında logistikanı gücləndirəcək.
Bundan əvvəl Azərbaycanda anti-İran təbliğatını öz peşəsinə çevirmiş medialar Ermənistana silah və hərbi texnikanın guya İran üzərindən daşındığını iddia etmişdilər və hazırda onların yalanı aşkar olur.
Ən son məlumata əsasən, Ermənistan artilleriya imkanlarını gücləndirmək üçün Hindistandan 155 milyon dollar dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi ATAQS alacaq.
ATAGS-in atəş məsafəsi 48 km-dir.
Digər tərəfdən qeyd olunur ki, Ermənistan üçün Rusiyadan Hind silahına keçid nisbətən sadədir. Çünki Hindistan Rusiya mənşəli sistemləri uğurla inkişaf etdirib və bunlar Ermənistan hərbiyyəsinə tanışdır. Bu arada Yeni Dehlinin Su-30MKI döyüş təyyarəsini montaj etmə təcrübəsini nəzərə alaraq, onun Ermənistanda təvazökar Su-30SM donanmasını təkmilləşdirməkdə rol oynayacağı istisna olunmur.
Hindistan həmçinin potensial olaraq Ermənistana bu təyyarələr üçün unikal və qabaqcıl silahlar verə bilər. Ehtimal olunur ki, BrahMos hipersəs qanadlı raketinin havadan buraxılan versiyasının Ermənistana verilməsi onun üçün strateji əhəmiyyətə malik olacaqdır.