Rusiya şokda:
Moskva terrorunda ölənlərin sayı 99-a çatdı
Moskvada yerləşən Krokus Siti Holl (Crocus City Hall) konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb, yaralıların isə sayı 147 nəfərdir.
By barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Rusiyanın teleqram kanallarında isə qeyd olunub ki, Krokus Siti Holl-un tualetlərindən birində xeyli sayda cəsəd tapılıb.
Bundan başqa, yeməkxanalarda və təmizləyici avadanlıqların saxlandığı otaqlarda da cəsədlər aşkar edilib. Onlar gizləndikləri yerdən yaxınlarına zəng vuraraq harada olduqlarını, tüstüdən boğulduqlarını deyiblər. Lakin alovun şiddətindən yanğınsöndürənlər onları vaxtında çıxara bilmədiklərinə görə tüstüdən boğulub həlak olublar.
Məlumatda qeyd olunur ki, insanlar atışmadan sonra terrorçulardan qorunmaq üçün orada gizləniblər.
Qeyd edək ki, ötən axşam azı üç terrorçu konsert zalının birinci mərtəbəsinə soxularaq tamaşaçılara avtomat silahlardan atəş açıb, sonra insanların üstünə qumbara atıblar.
Rusiyanın İstintaq Komitəsindəki mənbə TASS-a bildirib ki, müstəntiqlər, kriminalistlər və ekspertlər Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin əməliyyat bölmələri ilə birlikdə hadisə yerində istintaq hərəkətlərini davam etdirirlər.
Bu arada İŞİD terror təşkilatı Moskvada baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Rusiya hökuməti İŞİD-in bu açıqlamasına şübhə ilə yanaşır.
Yeri gəlmişkən bildirək ki, atışma baş verən zal Azərbaycan əsilli iş adamı, İlham Əliyevin keçmiş kürəkəninin atası Araz Ağalarova məxsusdur. Zal Krokus Siti Holl biznes mərkəzinin ərazisində yerləşir. 2009-cu ildə açılıb və müğənni Müslüm Maqomayevin adını daşıyır.