Mart 27, 2024 14:40 Asia/Baku
  • Bortnikov: Teraktın arxasında ABŞ, Britaniya və Ukrayna dayanır

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib ki, “Krokus Siti Holl”da terror aktı ilə bağlı ilkin məlumatlar Ukrayna izini təsdiqləyir və ekstremistlər yardım olmadan bu teraktı törədə bilməzdilər.

Bortnikov qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanları terror aktının törədilməsinə dəstək verib, lakin onu hazırlayan radikal islamçılardır. Əlbəttə terror aktının sifarişçisi hələlik dəqiq müəyyən edilməyib.

Bu arada ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib ki, Vaşinqton, London və Kiyevin Moskvada “Krokus Siti Holl”da baş verən terror aktında əli yoxdur.

22 mart 2024-cü ildə Moskva yaxınlığında terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib.

Terror aktı nəticəsində 150 nəfər ölüb, 182 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb.