Zaxarovadan açıqlama:
Moskva İrəvan və Bakını üçtərəfli danışıqları bərpa etməyə çağırır
Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli dialoq mexanizmlərinin işini bərpa etməyə çağırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.
Zaxarova bildirib ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb. “Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və Rusiyanın yardımı ilə sərhədlərin delimitasiyası, regionda nəqliyyat və logistika marşrutlarının açılması və sülh müqaviləsinin hazırlanması da daxil olmaqla ən çətin məsələlərin effektiv həlli yollarının axtarışına başlanılması çərçivəsində daxili formatlarda effektivliyini sübut edən təmasları bərpa etməyə çağırırıq”, - deyə Rusiya XİN sözçüsü bildirib.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və iddiaları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində ancaq siyasi və diplomatik üsullarla nizamlanmalıdır.
Rusiyalı rəsmi həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasını NATO missiyasına çevirməklə məşğul olduğunu qeyd edib.
O qeyd edib ki, NATO ölkələri öz tələbatlarını nümayiş etdirmək üçün antirusiya əhval-ruhiyyəsini qızışdırırlar, Ermənistanı hərbi-sənaye kompleksinə vəsait yatırmağa çağırırlar.