Apr 06, 2024 11:45 Asia/Baku
  • Avropa İttifaqı və ABŞ Ermənistanın iqtisadi inkişafını dəstəkləyəcəklər

Brüssel görüşündə qərar qəbul olunub. Avropa İttifaqı və ABŞ Ermənistanın iqtisadi inkişafını dəstəkləyəcəklər

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Aİ-nin ali nümayəndəsi Cozep Borrel, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bəyanat qəbul olunub.

Brüssel görüşünün yekun bəyanatında deyilir: “Avropa İttifaqı və ABŞ Ermənistan Respublikasının və regionun sabit, dinc, təhlükəsiz, demokratik və firavan gələcəyini dəstəkləyir. Biz siyasi islahatlar və iqtisadi inkişafa yardım kimi mühüm sahələrdə birgə işləmək niyyətindəyik. Ermənistanla humanitar əməkdaşlığımızı genişləndirəcəyik. Biz Ermənistanla idarəetmə, hüquq-mühafizə, ticarət, rabitə, kənd təsərrüfatı, enerji və texnologiya kimi sahələrdə əlaqələrimizi genişləndirməyə çalışacağıq”.

Sənəddə həmçinin qeyd olunur ki, Birləşmiş Ştatlar daha çox Amerika sərmayəsi, kibertəhlükəsizlik, texnoloji infrastrukturun inkişafı və dinc nüvə enerjisi imkanlarını cəlb etmək üçün Ermənistanla işləyəcək.

Bu arada ABŞ dövlət katibi Antoni Blinken Brüssel görüşü ilə əlaqədar bildirib ki, ABŞ demokratiyanın möhkəmləndirilməsində Ermənistana kömək etməkdə əzmkar olaraq qalır.

“Mən bu səylərə 65 milyon dollardan çox vəsait ayırmaq öhdəliyimizi elan etdim”, - deyə o X-də yazıb.

Brüssel görüşü gözlənildiyi kimi Rusiyanı qəzəbləndirib.

Rusiya Xarici İşlər Nazirliyinin görüşlə bağlı bəyanatında deyilir ki, Ermənistan-ABŞ-Aİ görüşü Qafqazı qarşıdurmaya sürükləmək cəhdidir və Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün alətə çevirmək istəyir.

“İrəvan rəhbərliyini Qərbin özünü aldatmasına və ölkəni təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq”, - deyə bəyanatda vurğulanır.

İradlara cavab olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüssel görüşünə haqq qazandırmağa çalışıb. O iddia edib ki, “Ermənistan müstəqilliyin, ərazi bütövlüyünün, suverenliyinin və demokratiyanın möhkəmlənməsinə töhfə verən ölkələrlə işləyəcək. Bu heç bir başqa ölkəyə qarşı yönəlməyib”.