Apr 08, 2024 12:13 Asia/Baku
  • Sionist rejimin Qəzzədə soyqırımı niyə dayandırılmır? - TƏHLİL

Beynəlxalq ictimaiyyətin Qəzzə zolağında sionist rejimin soyqırım maşınının qarşısını ala bilməməsi geniş şəkildə tənqid olunur.

Sionist rejimin Qəzzəyə qarşı soyqırımı yeddinci ayına qədəm qoyub. Bu cinayət nəticəsində indiyədək 33 mindən çox fələstinli şəhid olub, 75 mindən çox insan isə yaralanıb.

Əhəmiyyətli sual budur ki, niyə bu müddət ərzində beynəlxalq ictimaiyyət sionistlərin soyqırım maşınının qarşısını ala bilmədi? Görünür, bu baxımdan ən mühüm cavab Amerikanın BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan işğalçı rejimin xeyrinə istifadə etməsidir. ABŞ son altı ayda sionist rejimin yanında olub və hərbi və iqtisadi yardımdan əlavə, sionistlərin cinayətlərini pisləyən hər cür qətnamənin qəbul edilməsinə də siyasi cəhətdən mane olub. Birləşmiş Ştatların veto hüququndan cinayətkarı müdafiə üçün istifadə etməsi bir daha sübut etdi ki, bu hüquq dünya sistemində ədalətin həyata keçirilməsinə mane olan siyasi alətə çevrilib.

Digər amil odur ki, Təhlükəsizlik Şurasının qətnamələri də onların icrasına təminat vermək problemi ilə üzləşir. Bu yaxınlarda Təhlükəsizlik Şurası, ABŞ-ın bitərəf qalması ilə Qəzzədə dərhal atəşkəs və zolağa humanitar yardım göndərilməsi üçün qətnamə qəbul etməyə müvəffəq oldu, lakin Netanyahunun kabineti bu qətnaməyə məhəl qoymayacağını və icra etməyəcəyini rəsmən elan etdi. Ona görə də demək olar ki, Qərb dövlətləri, xüsusən də ABŞ istəməyincə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra zəmanəti olmayacaq.

Beynəlxalq ictimaiyyətin Qəzzədə sionist rejimin soyqırımını dayandıra bilməməsinin digər mühüm amili İslam ölkələrinin davranış tərzi ilə bağlıdır. Qəzzədə soyqırım olmasına baxmayaraq, təəssüf ki, İslam ölkələri sionist rejimlə qarşı-qarşıya gəlmək və Fələstini müdafiə etmək üçün adekvat addım atmadılar. Belə ki, bəzi mühüm İslam ölkələri susdu, bəziləri isə sionist rejimin səfirini çağıraraq nota vermək belə istəmədilər. Belə bir vəziyyətdə sionist rejim Qəzzədə soyqırımın davam etdirilməsinin mümkün olduğu qənaətinə gəlib. Şübhəsiz ki, İslam ölkələri arasında Fələstinin müdafiəsində birlik olarsa, sionist rejim bu soyqırımı davam etdirə bilməyəcək.