İyun 14, 2024 16:15 Asia/Baku
  • ABŞ-dan Ermənistana səfərlər davam edir

ABŞ Dövlət Departamentindən Ermənistana ardı-ardından təşkil edilən səfərlər davam edir. Obrayandan sonra indi Verma İrəvana gəlir.

ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma iyunun 17-də Ermənistana səfər edəcək.

Məlumatda deyilir ki, R.Verma Ermənistan-ABŞ forumunda iştirak edəcək, həmçinin baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

ABŞ-ın İrəvandakı səfirliyi isə bildirib ki, Riçard Verma tək gəlmir. O, Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniyadan olan ştat və yerli rəsmilərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək.
"Onu Dövlət Departamentinin yeni submilli diplomatiya komandasına rəhbərlik edən şəhər və dövlət diplomatiyası üzrə xüsusi nümayəndə Nina Xaçiqyan və kommersiya məsələləri üzrə xüsusi nümayəndə Sara Morgenthau müşayiət edəcək.Nümayəndə heyəti dövlət və özəl sektorun, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək",-Səfirliyin məlumatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms OBrayen Ermənistanda səfərdə olub. Səfər zamanı iyunun 11-də Ermənistan-ABŞ strateji dialoqunun yekun sessiyası keçirilib. Ondan az öncə isə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono bölgəyə səfər etmişdi.

 

Teqlər