İyun 23, 2024 12:04 Asia/Baku
  • Daha bir ölkə İsrailə qarşı iddiaya qoşuldu - AKTUAL

Cənubi Afrika Respublikasının Qəzzə zolağında soyqırımının törədilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya Kuba da qoşulub.

Kuba XİN-dən bildirilib ki, İsrail tam cəzasızlıq şəraitində və ABŞ hökumətinin razılığı ilə Dördüncü Cenevrə Konvensiyasına uyğun olaraq işğalçı dövlət kimi üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur.

Qeyd edək ki, bundan əvvəl 10-dan çox ölkə qaniçən İsrail rejiminin Qəzzədə törətdiyi kütləvi qətliamlara qarşı Cənubi Afrikanın soyqırımı iddiasını dəstəkləyir.

Cənubi Afrika dekabr ayında İsraili Qəzzədə fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edərək ona qarşı iddia qaldırıb.

Cənubi Afrikanın Birləşmiş Millətlər Təşkilatının Haaqa məhkəməsindəki iddiası İsrailin 1948-ci il Soyqırımı Konvensiyasını pozduğunu iddia edir.

1948-ci il Soyqırımı Konvensiyasını imzalayan bütün dövlətlər soyqırımı törətməməyə, həmçinin onun qarşısını almağa və cəzalandırmağa borcludurlar. Müqavilə soyqırımını “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlər” kimi müəyyən edir.

Xatırladaq ki, mühasirəyə alınan və bombardman edilən ərazidəki səhiyyə rəsmilərinə görə, İsrailin orada oktyabr ayında başlayan müharibəsində şəhid olanların sayı 37 mini ötüb.

Cənubi Afrikanın İsrailə qarşı soyqırımı iddiasına qoşulan və ya qoşulmaq niyyətini bəyan edən ölkələr isə bunlardır:

1. Cənubi Afrika: iddianı dekabrın 29-da qaldırıb.

2. Nikaraqua: 8 fevralda qoşulmaq üçün müraciət edib.

3. Belçika: 11 martda qoşulmaq niyyətini elan edib.

4. Kolumbiya: 5 apreldə qoşulmaq üçün müraciət edib.

5. Türkiyə: mayın 1-də qoşulmaq niyyətini bəyan edib.

6. Liviya: 10 mayda qoşulmaq üçün müraciət edib.

7. Misir: mayın 12-də qoşulmaq niyyətini elan edib.

8. Maldiv adaları: mayın 13-də qoşulmaq niyyətini elan edib.

9. Meksika: 24 mayda qoşulmaq üçün müraciət edib.

10. İrlandiya: 28 mayda qoşulmaq niyyətini bəyan edib.

11. Çili: 2 iyunda qoşulmaq niyyətini bəyan edib.

12. Fələstin: 3 iyunda qoşulmaq üçün müraciət edib.

13. İspaniya: 6 iyunda qoşulmaq niyyətini bəyan edib.