İyul 04, 2024 15:13 Asia/Baku
  • AŞPA prezidenti: Azərbaycan hakimiyyəti dərhal İQAK ilə əməkdaşlığı bərpa etməlidir

AŞPA prezidenti Azərbaycan hakimiyyətini Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı üzrə Komitəsi (İQAK) ilə əməkdaşlığı dərhal bərpa etməyə çağırıb.

“Mən Azərbaycan hakimiyyətinin Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı üzrə Komitəsi (İQAK)  ilə əməkdaşlıqdan imtina etməsinə görə çox təəssüflənirəm ki, bu da planlaşdırılan İQAK  səfərinin ləğv edilməsinə səbəb olub. İQAK-nin Azərbaycana xüsusi səfəri ilə bağlı hesabatın nəticələri məni də narahat etdi”, - AŞPA prezidenti Teodor Russopulos iyulun 3-də verdiyi bəyanatda bildirib.

“Vurğulamaq istəyirəm ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini təsbit edir. Həqiqətən də, insan ləyaqətinə hörmətlə bağlı olan işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəzanın qadağan edilməsi mütləqdir və ondan heç bir geri çəkilmə qəbuledilməzdir. Buna görə də, onun həyata keçirilməsini təmin etmək və məhbuslarla işgəncə və ya pis rəftarın hər hansı formasının qarşısını almaq üçün İQAK ilə açıq və səmərəli əməkdaşlığı davam etdirmək vacibdir.

“Mən Azərbaycan hakimiyyətini öz qərarlarına yenidən baxmağa və dərhal İQAK ilə əməkdaşlığı və konstruktiv dialoqu bərpa etməyə çağırıram”,- Teodor Russopulos deyib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə İQAK-nın bəyanatını əsassız və ədalətsiz adlandırıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənın sözlərinə görə, bu qərarın 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaranmış Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul edilməsi xüsusilə təəssüf doğurur.

 

Teqlər