ABŞ Ukraynanı sıxışdırır, dünya səviyyəsində mövqelər haçalandı
Vens: Ukraynanı buna məcbur edəcəyik
ABŞ-ın vitse-prezidenti bildirib ki, Birləşmiş Ştatlar Ukraynada seçkilərin keçirilməsində israrlıdır.
Ceyms Devid Vens deyib: “Müharibə zamanı seçki keçirə bilməyəcəyiniz fikri gülüncdür. Və ABŞ prezidenti Donald Tramp bunun baş verməli olduğunu açıq şəkildə bildirdi”.
Qeyd edək ki, Donald Tramp Zelenskini diktator adlandırıb və onu seçki keçirməkdən imtina etməkdə ittiham edib.
Trampın bu mövqeyi Rusiya tərəfindən alqışlanıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib ki, Vladimir Zelenskini “seçkisiz diktator” adlandıran ABŞ prezidenti Donald Tramp 200 faiz haqlıdır.
O qeyd edib ki, seçkisiz diktator, Zelenski tələssə yaxşı olar, yoxsa ölkəsindən heç nə qalmayacaq.
Trampın Ukrayna prezidenti ilə bağlı açıqlamasına Avropa İttifaqının da mövqeyi özünü çox gözlətməyib. Aİ-nin sabiq baş diplomatı Jozep Borrell deyib ki, Donald Tramp üçün Avropa bir antimodeldir. Baş verənlər Atlantik okeanın iki tərəfi arasında razılaşdırılmamış bir boşanma, dərin və ideoloji parçalanmadır.
Borrell həmçinin ABŞ-ı Qərbin mövqeyini zəiflətməkdə ittiham edib.
Amerikanın öz daxilində də Trampın Ukrayna siyasətinə münasibət birmənalı deyil.
ABŞ Senatının demokrat üzvü Riçard Blumental “Foks Nyus”a bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna haqqında yalan məlumatlar səsləndirir və bu, Putinə təslim olmaq kimi görünür. Bu, son dərəcə iyrəncdir. Bu, canından keçən bir ölkəyə qarşı iyrənc xəyanətdir.