ABŞ prezidenti dünya siyasətində bir nömrəli narsist şəxsiyyətdir
Tramp niyə “nümunəvi lider” adına layiq deyil? - TƏHLİL
Üçüncü Şuşa Qlobal Media Forumunda ABŞ prezidentinin vəsfində deyilənlər, o cümlədən onun ailə dəyərlərinə önəm verməsi barədə işlədilən ifadə həqiqəti əks etdirmir.
ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında Azərbaycan prezidenti İlham Əliyevin iyulun 19-da Xankəndidə etdiyi çıxışdan bir hissəni paylaşmaqla yenidən özünü medianın süjetinə çevirib.
Paylaşılan hissədə cənab Əliyev jurnalistin sualına cavab olaraq Trampın malik olduğu keyfiyyətləri yüksək qiymətləndirib.
Xankəndi şəhərindəki çıxışı zamanı prezident qeyd edib ki, o, Trampın qələbəsini proqnozlaşdırmayıb. Lakin Azərbaycan xalqı üçün onun seçilməsinin daha məqsədəuyğun olacağını bildirib. Buna səbəb kimi Trampın Azərbaycanla eyni fundamental, o cümlədən ailə dəyərlərini bölüşməsini göstərib.
Azərbaycan prezidenti həmçinin Trampın beynəlxalq təhlükəsizlik sahəsində qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı vəziyyəti də diqqətdə saxlamasını xüsusi qeyd edib. İlham Əliyev Trampın qələbəsinin bir sıra səbəblərdən Azərbaycanda böyük sevinclə qarşılandığını vurğulayıb. "Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun", – deyə İlham Əliyev sözlərini tamamlayıb.
Göründüyü kimi Tramp azərbaycanlı həmkarının bu fikirlərindən çox məmnun qalıb.
Maraqlıdır ki, Trampın ən azı əxlaqi keyfiyyətləri və ailə dəyərlərinə münasibəti ilə bağlı veb məkanında qısaca axtarış tamamilə fərqli mənzərəni ortaya qoyur. Araşdırmalar göstərir ki, Donald Tramp azı üç dəfə evlənib və əvvəlki iki evlilik xəyanət iddiaları ilə sona çatıb. Bu isə, bütövlükdə klassik "ailə dəyərləri" anlayışına uyğun sayılmır.
Məsələn 2006-cı ildə Melaniya ilə evli olduğu halda, porno ulduz Stormi Daniels və Playboy modeli Karen Mak-Duqal ilə münasibətdə olduğu iddia olunur. Trampın bu qadına pul verib susdurduğu və bunun seçki kampaniyası zamanı gizlədildiyi ortaya çıxdı.
Beləliklə də etik və ailə dəyərlərində çatışmazlıqlar onun nümunəvi lider ola bilməsini şübhə altına alır.
Yekun olaraq Trampın şəxsi həyatı, əxlaqi davranışları və qadınlara münasibəti onun ailə dəyərlərinə hörmət etmədiyini göstərir. Bu səbəbdən onun dünya liderlərinə əxlaq baxımından örnək olması inandırıcı deyildir.