ABŞ-da dövlətin bağlı qalması yeni kütləvi etirazlara səbəb olub
ABŞ-da federal hökumətin ardıcıl üçüncü həftə olaraq, fəaliyyətini dayandırması fonunda ölkənin müxtəlif şəhərlərində yeni kütləvi etirazlar başlayıb; Etirazçılar hökuməti korrupsiya, səriştəsizlik və həssas təbəqələrə biganəlikdə ittiham edirlər.
ABŞ-da federal hökumətin bağlanması oktyabrın əvvəlindən Ağ Ev və Konqres arasında büdcə böhranı səbəbindən başlayıb və hazırda ölkə tarixində ən uzun müddətli bağlanmalardan birinə çevrilib. Bu vəziyyət ictimai xidmətlərin pozulmasına, dövlət işçilərinin maaşlarının gecikməsinə və enerji subsidiyaları, ərzaq yardımı kimi dəstək proqramlarının dayandırılmasına səbəb olub.
Eyni zamanda müxtəlif ştatlarda o cümlədən, Nyu-York, Çikaqo və Los-Ancelesdə minlərlə insan “Krallara yox ” adı altında keçirilən etiraz aksiyaları çərçivəsində küçələrə çıxaraq, struktur korrupsiyasına və gücün Vaşinqtonda cəmləşməsinə qarşı şüarlar səsləndirib.
ABŞ mediasının məlumatına görə, bəzi aksiyalar polis qüvvələri ilə etirazçılar arasında toqquşmalara səbəb olub.
Analitiklər hesab edirlər ki, hökumətin uzun müddət bağlanması ictimai narazılığı artırır və qarşıdan gələn seçkilər ərəfəsində yeni siyasi böhranın yaranmasına zəmin hazırlaya bilər.
Bunun əksinə olaraq, ABŞ hökuməti hazırkı maliyyə siyasətini “büdcə strukturunun islahı və dövlət borcunun azaldılması” məqsədilə davam etdirəcəyini vurğulayır; bu mövqe isə Ağ Ev ilə etirazçı xalq arasındakı uçurumu daha da dərinləşdirib.