Kərim Benzema "Qızıl top"un yeni sahibi oldu
"2022-ci il Qızıl top" mərasimi bazar ertəsi axşam futbol dünyasının ən nüfuzlu fərdi mükafatının Kərim Benzemaya təqdim edilməsi ilə başa çatıb.
SəhərAzəri-nin məlumatına əsasən, Parisin "Şatle" teatrında keçirilən mərasimdə bu mükafata İspaniyanın “Real” komandasının və Fransa yığmasının hücumçusu Kərim Benzema layiq görülüb.
Fransalı forvard karyerası ərzində ilk dəfə sözügedən titula sahib çıxıb. 35 yaşlı futbolçuya mükafatı həmyerlisi, Fransa millisinin əfsanəvi yarımmüdafiəçisi Zinəddin Zidan təqdim edib.
“Real”ın digər futbolçusu Tibo Kurtua isə ən yaxşı qapıçı və ya "Lev Yaşin" mükafatının qalibi olub.
“Gerd Müller” mükafatının sahibi də açıqlanıb. Mükafata İspaniyanın “Barselona” komandasının futbolçusu Robert Levandovski sahib çıxıb. Polşalı oyunçu ilin ən yaxşı hücumçusu seçilib.
İlin ən yaxşı gənc futbolçusu İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Qavi seçilib.
“Qızıl top”un təltifetmə mərasimində ən yaxşı qadın futbolçunun da adı açıqlanıb. Mükafata İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Aleksiya Putelyas layiq görülüb.
Tədbirdə yeni təsis edilmiş “Sokrates kuboku”nun da qalibi müəyyənləşib. Mükafatın ilk sahibi Almaniyanın “Bayern” klubundan Sadio Mane olub. Bu mükafat ictimai və xeyriyyə layihələrində iştirak edən futbolçular üçün nəzərdə tutulub.
İlin ən yaxşı klubu da açıqlanıb. Bu ada İngiltərə çempionu “Mançester Siti” layiq görülüb. “Şəhərlilər” ötən mövsüm Premyer Liqanın qalibi olub.