UNRWA xəbərdarlıq edib:
Fələstinlilərin Livandakı düşərgələrində vəziyyət kritikdir
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) rəsmiləri fələstinlilərin Livandakı düşərgələrində koronavirusun yayılması və xidmət göstərmək üçün maliyyə dəstəyinin olmaması səbəbindən sağlamlıq, xidmət və təhsil fəlakəti bərədə xəbərdarlıq edib.
SəhərAzəri "Əl-Nəşrə" portalına istinadla xəbər verir, Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin Livandakı direktoru Klavdio Kordeni dünən Eynül-Həlvə düşərgəsindən baxış keçirərkən və Fələstin Xalq Komitələrinin nümayəndələri ilə görüşdə deyib: "Koronavirusun yayılması nəticəsində fələstinlilərin Livandakı düşərgələrində vəziyyət kritikdir və UNRWA Agentliyi üçün maliyyə yardımları toplanmasa, fəlakət baş verəcək.
UNRWA-nın Qəzzədəki direktoru Mattias Şmale də deyib: "Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi fəaliyyətini dayandırsın deyə, siyasi və maliyyə blokadaya məruz qalıb; Maliyyə böhranı səbəbindən işçilərin oktyabr və noyabr ayları üzrə maaşlarını ödəyə bilmirik".
Digər tərəfdən, Fələstin Xalq Komitələri UNRWA-nı dərhal fövqəladə tibbi vəziyyət elan etməyə və koronavirus xəstələrini müalicə etmək üçün Eynül-Həlvə düşərgəsində sahə hospitalı qurmağa çağırıb.
ABŞ 2018-ci ilin yanvar ayından bəri fələstinliləri "əsrin sövdələşməsi" adı ilə tanınan planı qəbul etməyə vadar etmək məqsədilə Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 300 milyon dollarlıq maliyyə yardımını dayandırıb. UNRWA Suriya, Livan, İordaniya, Qəzzə zolağı və Qərb sahilində təxminən altı milyon qaçqın və məcburi köçkünə yardım edirdi və ABŞ-ın maliyyə yardımının dayandırılması ilə bu agentlik üçün bir çox problem yaranıb.