Yəmən ordusu “Əl-Qaidə” terrorçularından bir şəhəri azad edib
İyun 15, 2015 19:51 Asia/Baku
Yəmən ordusu “Əl-Qaidə” terrorçularından bir şəhəri azad edib
Səhər beynəlxalq telekanalının Yəmən mediasına istinadən verdiyi məlumata görə, Yəmən ordusu və “Ənsarullah” xalq müqavimət hərəkatı Əl-Cəuf vilayətinin Əl-Həzm şəhərini “Əl-Qaidə” terrorçularından azad edərək, dövlət binalarına nəzarəti öz əlinə keçirib. Bundan əlavə, “Əl-Qaidə” terrorçularının hərbi hissələrdən oğurladıqları silah-sursatı Yəmən ordusu geri almağa müvəffəq olub. Onlarla “Əl-Qaidə” terrorçusu öldürülüb. Yəmən ordusu və “Ənsarullah” xalq hərəkatı Əl-Cəuf vilayətinin bir neçə məntəqəsini son iki gün ərzində terrorçulardan təmizləməyə nail olub. Xatırladaq ki, Səudiyyə Ərəbistanın mart ayının 26-dan başlatdığı təcavüz nəticəsində Yəmən ərazisində fəaliyyət göstərən “Əl-Qaidə” və digər terror təşkilatları vəziyyətdən istifadə edərək, mülki vətəndaşlara və bəzi hərbi bölmələrə qarşı hücumlar keçirərək, terror aktları törədiblər. Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə mart ayının 26-dan başlatdığı təcavüz nəticəsində indiyədək minlərlə insan həlak olub, minlərlə insan isə yaralanıb. Səudiyyə və müttəfiqlərinin havadan və dənizdən Yəmənə tətbiq etdikləri blokada nəticəsində Yəməndə humanitar vəziyyət günü-gündən pisləşir.