Suriya ordusunun irəliləyişləri davam edir
-
Suriya ordusunun irəliləyişləri davam edir
Suriya ordusunun ölkənin şimal-qərbində yerləşən Hələb şəhərinin ətrafındakı irəliləyişləri davam edir.
Əl-Aləm kanalının məlumatına görə, Suriya ordusu Hələbin cənub hissəsində yerləşən Cəbəlül-Ərbəin dağının qərbində, Səibiyə məntəqəsinə nəzarəti ələ keçirərək, terrorçulara ağır zərbələr endirib.
Bu məlumata görə, Hələbin müxtəlif məntəqələrində də terrorçuların mövqeləri Suriya ordusunun hücumlarına məruz qalıb.
Həmçinin, Suriyanın hava qüvvələri Dəməşqin ətrafında Şəcərə məntəqəsində və Dəranın ətrafında yerləşən Hamir kəndində terrorçuların mövqelərinə havadan zərbələr endirib.
Suriya ordusunun ağır artilleriyası da Dəməşqin şərqində Cubər məntəqəsində terrorçuların sığınacağını atəşə tutub.
Homs şəhərinin ətrafında yerləşən Məhin məntəqəsi habelə, Həmanın ətrafında yerləşən əl-Lətamənə və Kəfərzita şəhərləri də Suriya ordusunun hücumlarının şahidi olub.
Suriya ordusu Latakiya şəhərinin şimalında, Mərəc Xuxə kəndində də terrorçuların mövqelərinə zərbələr endirib.