Okt 17, 2016 10:42 Asia/Baku
  • Heydər İbadi
    Heydər İbadi

Mosulun azad edilməsi əməliyyatına başlandı və İraq ordusu və xalq qüvvələri İŞİD terrorçularının mövqelərinə amansız hücumlara start verdilər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər İbadinin Mosulun azad edilməsi əməliyyatına başlanması ilə bağlı fərmanının ardınca İraq ordusu və xalq qüvvələri müxtəlif istiqamətlərdən İŞİD-in mövqelərinə amansız hücumlara başlayıblar. 

Əməliyyatın başlanması əmrini alan İraq ordusu və kürd peşmərgə yaraqlıları Mosul şəhərinin mərkəzini bombalayıblar. Xalq qüvvələrinin ixtiyarında olan artilleriya və top dviziyası isə İŞİD terrorçularının Mosulun cənubundakı səngərlərini və tunellərini hədəfə alıblar. 

İraqın Terrorizm İlə Mübarizə Qüvvələri komandanı Əbdülğəni Əsədi isə Mosul əhalisindən evlərində qalmalarını və küçələrə çıxamamalarını istəyib. 

Bu arada məlumatlı qaynaqlar İŞİD başçıları və ailələrinin Suriyanın Rəqqə şəhərinə qaçmalarından xəbər verirlər. 

Hərbi mənbələr Mosulun azad edilməsi əməliyyatında ilk öncə müəyyən edilmiş 350 nöqtəyə zərbələrin endirilməsindən və hərbi əməliyyatların bu nöqtələrə yönəldilməsindən xəbər veriblər. 

Bu mənbələr həmçinin, Mosulun şərqində, Bəşiqə ətrafındakı məntəqələrin də İraq ordusu hava qüvvələri tərəfindən bombardman edilməsindən xəbər veriblər. 

Mosulun azad edilməsi əməliyyatı çərçivəsində şəhərin 3 istiqamətindən hücumlara başlanılıb. İŞİD-in mövqeləri toplar və raketlər ilə hədəfə alınır. 

Xüsusi əməliyyat qüvvələri və kürd peşmərgə  yaraqlıları Navran istiqamətindən Mosulun şərqində  yerləşən Şəlalat məntəqəsinə doğru irəliləyirlər. 

Digər tərəfdən İraq Parlamentinin sədri Səlim Cəburi Mosulun azad edilməsi əməliyyatının başlanmasını müsbət qarşılayıb və Neynəvanın azad edilməsinin İraqlılar arasında milli birlik və ərazi bütövlüyünün qorunması üçün bir simvola çevriləcəyinə ümidvar olduğunu deyib. 

Səlim Cəburi eyni zamanda sivil əhalinin təhlükəsizliyinə diqqət göstərilməsini və evlərini tərk edən insanlara humanitar yardımların çatdırılması istiqamətində lazımi tədbirlərin görülməsini zəruri adlandırıb. 

İraqın baş naziri Heydər İbadi bazar ertəsi, günün ilk saatlarında Mosulun azad edilməsi əməliyyatının rəsmən başlandığını elan etdi. 

Teqlər