Mosulun cənubunda kəndlər azad edilir
İraq ordusunun təhlükəsizlik qüvvələri Neynəva vilayətinin azad edilməsi əməliyyatının tərkib hissəsi olan kəndlərin azad edilməsi istiqamətində öncədən müəyyənləşdirilmiş məqsədlərin təmin edilməsi üçün irəliləyirlər. Ordunun irəliləyişləri sürətlidir və İraq ordusu indiyədək Mosulun cənub istiqamətində bir çox kənd və şəhərciyi azad edib.
Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraqın mərkəzi polisinin qüvvələri və İraq ordusu zirehli qüvvələrinin 9-cu diviziyası Mosulun cənub bölgələrindəki irəliləyişlərinin davamında bir çox kəndi İŞİD terrorçularından təmizləyiblər və artıq Dəclə çayının sahilinə çatıblar. Bu əməliyyatlarda terrorçulara ağır zərbələr vurulub və terrorçuların çoxu təchizatları ilə birlikdə məhv edilib.
İraq ordusunun 34-cü diviziyasının komandanı general Salih Hərəz Nasir deyib: Bu istiqamət bizim diviziyanın ixtiyarına verildi, diviziyanın tanklar və zirehli texnikası bu ərazilərdə yerləşdirilib. Həmçinin mərkəzi polisin bölmələri də ərazilərdə fəaliyyət göstərir. Bizim missiyamız bombalı avtomobilləri məhv etməkdən ibarətdir. İndiyədək İraqın mərkəzi polis qüvvələrinin əməkdaşlığı ilə 15-dən çox bombalı avtomobili məhv edə bilmişik. Demək olar ki, əməliyyatın birinci etapı sona çatmışdır və artıq ikinci etapa keçmişik. Əşşurə bölgəsi bu istiqamətdə terrorçuların bazası hesab olunur və tam məhv edilib, qüvvələrin hücuma keçərək bu bölgəni azad etməsinə şərait yaradılıb.
İraqın mərkəzi polisinin komandanı general Raid Şakir Cövdət isə bu barədə deyir: İraqın mərkəzi polisinin, eləcə də ordunun igid və qorxmaz qüvvələri bu gün qeyri-əlverişli hava şəraiti və gərgin toqquşmalara rəğmən irəliləməkdədirlər. Bu gün qoçaq patizanlar bölməsi bu ərazilərdə irəliləyib və yuxarı və aşağı Fişkə kəndlərini azad edib, didərginləri evakuasiya edərək terrorçuları məhv edib, terrorçuların çoxlu miqdarda silah-sursatını ələ keçiriblər. Həmçinin Əs-Səfinə və əl-Xunə şəhərcikləri də terrorçuların işğalından azad edilib.
Cinayətkar İŞİD qrupunun terrorçularını zəiflətmək, onların bazaları və mövqelərini məhv etmək və azad edilmiş əraziləri terrorçulardan tam təmizləmək hərbi bölmələrin ən əsas missiyasını təşkil edir. İraq hərbçilərinin döyüş meydanlarında əhval-ruhiyyəsi son dərəcə yüksəkdir.
İraqın mərkəzi polisinin zabitlərindən olan polkovnik Əbdül-Qadir Hüseyn də deyib: Qüvvələrimiz Əs-Səfinə və əl-Hərarə kəndlərini və onlarla digər kəndi İŞİD terrorçularının işğalından azad ediblər. Biz terrorçulara ağır zərbələr endirmişik, çoxlu sayda terrorçu silah-sursaları ilə bərabər məhv edilib.
İraq ordusu əsgərlərindən biri isə deyib: İnşaallah qələbə bizimdir, bizim qüvvələr irəliləməkdədirlər. İraq ordusunun 16-cı diviziyasının 75-ci qarnizonu ərazidə yerləşib və Əş-Şurə şəhəciyinə daxil olmaq ərəfəsindədir. Biz bu şəhərciyi tam mühasirəyə almışıq və Mosulun tam azad edilməsinədək əməliyyatı davam etdirəcəyik.