Mosulun ən iri hərbi bazası İŞİD-in işğalından azad edildi
İraq ordusu İŞİD-in uşaqlar və yeniyetmələrə hərbi təlim keçmək üçün istifadə etdiyi ən iri hərbi düşərgəni ələ keçirməyi bacarıb.
İRİB-nin verdiyi məlumata görə, Mosul hava limanının yaxınlığında yerləşən "Tədmur" düşərgəsində müxtəlif növ silah və hərbi sursat aşkar edilib. Bu təlim düşərgəsi 6 metr dərinlikdə qazılmış yeraltı tunellərdən ibarətdir.
Bu gün səhər isə İraq ordusu ilk dəfə olaraq şimal-qərb istiqamətindən Mosul şəhərinə doğru irəliləməyə başlayıb və terrorçuların Neynəva vilayətinin qərbinə doğru son qaçış yolunu da bağlayıb.
Mosulun cənub istiqamətində isə İraqın federal polisi İŞİD terrorçularının müqavimətini yararaq, Həcər Vadisi adlanan məntəqəyə daxil olmağı bacarıb.
Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatında 100 min iraqlı qüvvə iştirak edir. Bu əməliyyat baş nazir Heydər Əl-İbadinin göstərişi ilə ötən həftə başlanıb. İŞİD terror qruplaşması 2014-cü ildən bəri İraqın bəzi məntəqələrinə nəzarəti ələ keçirib.