Yəmənin müxtəlif tayfaları Ənsarullah Hərəkatı ilə əhd-peymanı təzələyib
Yəmənin müxtəlif tayfaları tam silahlanma və Ərəbistanla müharibə cəbhələrinə qüvvələrin ezam olunmasını vurğulayıb və bir daha Ənsarullah Xalq Hərəkatı ilə əhd-peymanı yeniləyiblər.
İRNA-nın məlumatına görə, Səna vilayətində Sənhan tayfaları və Ərhəb tayfaları toplantı keçirərək Ərəbistanın Yəmənə təcavüzünün davam etməsinin qarşısını almaq üçün münasib potensialı vurğulayıblar.
Eyni zamanda səudiyyəli təcavüzkarlarla mübarizə vurğulanıb və müharibə cəbhələrində yəmənli qüvvələrin sıralarında birliyin vacibliyi qeyd olunub.
Əl-Hədidənin cənubunda əl-Əəmas və His tayfaları da Yəmən ordusu və hərbi qüvvələrin raket nailiyyətlərinə toxunub və Ərəbistanın Yəmənə təcavüzünə nifrətini bildirib və bir daha Ənsarullah Hərəkatını dəstəkləyiblər.
Yəmənin əl-Miftah şəhəri tayfaları da etiraz aksiyası keçirərək Ərəbistanın Ərhəb şəhərində matəm mərasiminə hücumunu və uşaq və qadınları qətlə yetirməsini pisləyiblər.
Ərəbistan 2015-ci il mart ayından ABŞ-ın dəstəyi və Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəyə qarşı genişmiqyaslı hücumlara başlayıb. Bu təcavüz 11 mindən çox sivilin həyatına son qoyub.